Ölkəmizdə vergi qanunvericiliyinə əsasən müəyyənləşdirilmiş vergi növləri var. Bunlardan biri də daşınmaz əmlak vergisidir.
Valyuta.az xəbər verir ki, əmlak vergisi fiziki və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlaka - ev, mənzil, qeyri-yaşayış sahəsi, torpaq və s. görə dövlətə ödənilən vergi növüdür. Bu vergi yerli büdcəyə daxil olur və ölkənin infrastruktur layihələrinə, sosial xidmətlərə yönəldilir. Sadə dillə desək, əgər adınıza hansısa bir daşınmaz əmlak - mənzil, ev, ofis, torpaq sahəsi və s. varsa, buna görə dövlətə illik vergi ödəməlisən. Azərbaycanda əmlak vergisi əsasən fərdi şəxslərin və hüquqi şəxslərin mülkiyyətində olan daşınmaz əmlaka görə ödənilir.
- Fiziki şəxslərin daşınmaz əmlakına görə əmlak vergisi
Bu vergi şəxsi mülkiyyətdə olan yaşayış sahələrinə - mənzil, fərdi yaşayış evi, qeyri-yaşayış sahələrinə və s. tətbiq olunur. Əsasən evin və ya mənzilin ümumi sahəsinə və yerləşdiyi yerə görə hesablanır.
- Hüquqi şəxslərin əmlak vergisi
Hüquqi şəxslər - şirkətlər və müəssisələr daxili balanslarında olan əmlaklara görə bu vergini ödəyirlər. Vergi əmlakın balans dəyəri (ilkin dəyər, amortizasiya çıxılmadan) əsasında hesablanır.
- Torpaq vergisi
Torpaq vergisi torpaq sahələrinin mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən ödənilir. Vergi torpaq sahəsinin ölçüsünə və yerləşdiyi zonaya görə dəyişir. Bunu da bəzən əmlak vergisinin bir növü kimi təqdim edirlər. Daşınmaz əmlaka aid bu vergi növləri arasında da fərqlər var. Belə ki, bu vergi təyin edilərkən fiziki şəxslər üçün mənzilin sahəsi və kadastr dəyəri əsas götürülür. Əgər şəxsin yalnız bir mənzili və bəzi güzəşt hüquqları varsa, bəzən vergidən azad oluna bilir. Hüquqi şəxslər üçün bu vergi əmlakın balans dəyəri ilə hesablanır.. Daşınmaz əmlak vergisi ilə bağlı ödənişlər ildə bir dəfə və ya iki dəfəyə bölünərək həyata keçirilir. Əmlak vergisi daşınmaz əmlakın bütün sahəsinə və yerləşdiyi əraziyə əsasən hesablanır. Mənzilin sahəsi 30 kv.m-dən çox olarsa, artıq hissəsinə görə vergi tutulur. Vergi məbləği əmlakın kadastr dəyərinə görə müəyyən edilir. Azərbaycanda əmlak vergisi ilə bağlı bəzi istisna və güzəştlər də var. Belə ki, müharibə veteranları, şəhid ailələri, pensiyaçılar və I qrup əlillər bəzi əmlaklara görə vergidən azad olunur. Ailə üzvlərinin adında bir yaşayış evi varsa və həmin şəxs yuxarıdakı kateqoriyalardandırsa, vergi tutulmur.
Davud