Suriyanın keçid hökumətinin lideri Əhməd əl-Şaraa dünən, martın 10-da Suriya Demokratik Qüvvələri (SDQ) ilə müqavilə imzalayıb.
Buraya atəşkəs və şimal-şərqdə kürdlərin nəzarətində olan sosial və hərbi qurumların dövlət idarəetmə sisteminə inteqrasiyası daxildir. İlin sonuna qədər tamamlanmalı olan razılaşmanın şərtlərinə görə, mərkəzi hökumət Suriyanın şimal-şərqində İraq və Türkiyə ilə bütün sərhəd keçid məntəqələri, hava limanları və neft yataqlarına nəzarəti ələ keçirəcək. Ölkədə yaşayan kürdlər isə öz növbəsində Əsəd rejimi dövründə qadağan olunmuş kürd dilinin istifadəsi və tədrisi də daxil olmaqla, bütün “konstitusion hüquqlara” riayət olunmasına zəmanət alacaqlar. Müqavilə yüz minlərlə kürdün evlərinə qayıtmasını asanlaşdırmalıdır. Müqavilə həm də kürdlərin vətəndaşlıq hüququna zəmanət verir.
SDQ ilə imzalanan müqavilə ölkənin müvəqqəti prezidentinin 14 ilə yaxın davam edən vətəndaş müharibəsindən sonra ölkəni birləşdirmək cəhdidir. Bununla belə, imzalanma hazırkı hökumətin sahilyanı Latakiya, Tartus və Homs əyalətlərində ələvi qüvvələrə qarşı hərbi əməliyyatların başa çatdığını elan etdiyi vaxta təsadüf edib. Martın 6-dan bu yana bu toqquşmalarda 125 hökumət qüvvələri və 148 ələvi milis üzvü də daxil olmaqla 1000-dən çox insanın həlak olduğu bildirilir.
//Samir Qurbanov, Editor.az