Argentina millisinin və “Roma”nın dayaq yarımmüdafiəçisi Leandro Paredes İtaliya klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə açıqlama yayıb.
30 yaşlı yarımmüdafiəçi ilə bu ilin yayında bitəcək müqavilə müddəti bir mövsümlük uzadılıb. 30 yaşlı argentinalı futbolçu 2026-cı ilin 30 iyununadək “canavarlar”ın uğurları üçün çalışmağa davam edəcək.
Xatırladaq ki, Leandro Paredes 2023-cü ilin avqust ayında Fransa nəhəngi PSJ-dən 2,5 milyon avro müqabilində “Roma”ya keçib. O, cari mövsümdə paytaxt klubunun heyətində 27 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
“Boka Xuniors”un yetirməsi olan Paredes daha öncə 2014-2017-ci illərdə də “Roma”da çıxış edib. Argentinalı futbolçunun paytaxt klubundakı ümumi statistikası 129 oyun, 10 qol və 11 məhsuldar ötürmədən ibarətdir.
İtaliyada “Kyevo”nun da formasını geyinmiş Leandro Paredes 2017-ci ildə “Roma”dan Sankt-Peterburq “Zenit”inə keçib. 2017-2019-cu illərdə “Zenit”də oynamış “dayaqçı” daha sonra PSJ-yə keçib, 2022-ci ilin yayınadək Paris klubunun uğurları üçün çalışıb. O, 2022-ci ilin avqustunda “Yuventus”a icarəyə verilib, bir mövsüm də Turin klubunun formasını geyinib.
Paredes 2017-ci ildə debüt etdiyi Argentina yığmasının heyətində 70 oyun keçirib, 5 qol vurub, 7 məhsuldar ötürmə verib. Leandro ölkəsinin millisi ilə 2022-ci ildə Qətərdə keçirilmiş FIFA Dünya Kubokunu qazanıb. O, iki dəfə də (2021, 2024) Amerika Kubokunun qalibi olub.
“Transfermarkt” internet-portalı 30 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.
