AZ

Azərbaycanla Şimali Makedoniya iqtisadi sahədə əməkdaşlıq üçün yaxşı potensiala malikdirlər

Azərbaycanın Şimali Makedoniya ilə münasibətləri davamlı olaraq inkişaf edir. Məhz bu səbəbdən də Şimali Makedoniya Prezidenti Qordona Davkovanın bu həftə Bakıya səfəri önəmli hadisə idi. Xanım Prezidentin  Prezident İlham Əliyevlə görüşündə hər iki ölkənin bundan sonrakı inkişafı ilə bağlı verdiyi açıqlamalar çox önəmli əhəmiyyətə malikdir.  Hər iki ölkə başçısının da qeyd etdiyi kimi,  bundan sonra Azərbaycan və Şimali Makedoniya arasında ticari, iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlıq daha da dərinləşəcəkdir.  Ümumiyyətlə, Azərbaycan Balkan ölkələri üçün  cəlbedici ölkədir.  Xatırladaq ki, Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

İki ölkə arasındakı  ticarət dövriyyəsi də son illərdə xeyli artıb. Xüsusilə ötən dövrlərdə birgə iqtisadi layihələrə imza atılıb və investisiyaların təşviqi ilə bağlı razılaşmalar əldə edilib. Hazırda Azərbaycanda Şimali Makedoniya sərmayələri ilə fəaliyyət göstərən kommersiya qurumları mövcuddur. Bu, iqtisadi əməkdaşlığın təkcə kağız üzərində deyil, həm də real biznes əlaqələri səviyyəsində də inkişaf etdiyini göstərir. İki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş 2013-cü ildə imzalanıb. Bu gün isə yeni layihələrin həyata keçirilməsi gündəmdədir.

İki ölkə arasındakı əlaqələrin yeni mərhələyə qədəm qoyduğunun bariz nümunəsi isə Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın COP29 tədbiri çərçivəsində Bakıya rəsmi səfəri olmuşdur. Ötən ilin 14 noyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən xanım Qordana Silyanovska-Davkova COP29-un yüksək səviyyədə təşkil edildiyini vurğulamışdır. Ali qonaq Azərbaycan mədəniyyəti ilə tanışlıqdan məmnunluğunu bildirmiş və ölkəmizlə əməkdaşlıq üçün geniş imkanların olduğunu demişdir. Ölkə başçımız da öz növbəsində Qordana Silyanovska-Davkovanın ölkəmizə səfərinin münasibətlərin genişləndirilməsinə, iqtisadi-ticari və mədəni əlaqələrin inkişaf etdirilməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir. Bu kontekstdə Balkan ölkələri ilə əlaqələrinin inkişafına önəm verdiyini qeyd etmişdir.

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış ediblər. Bəyantlarında iqtisadi və siyasi münasibətlərin bundan sonra da inkişaf ediləcəyi, dostluq münasibətlərinin möhkəmlənəcəyi vurğulanıb.

Bəli, hər iki ölkə iqtisadi sahədə əməkdaşlıq üçün yaxşı potensiala malikdir. Azərbaycanın enerji resursları və nəqliyyat-logistika imkanları Makedoniya üçün əhəmiyyətli perspektivlər açır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və gələcəkdə bu sahədə əməkdaşlığın genişlənməsi mümkündür. Azərbaycan və Şimali Makedoniya arasında münasibətlərin digər vacib aspektlərindən biri də mədəni və humanitar sahədə əməkdaşlıqdır. Hər iki xalqın zəngin tarixi və mədəni irsi əlaqələri daha da gücləndirir. Təhsil sahəsində əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbələrin Şimali Makedoniyada təhsil alma imkanlarının genişləndirilməsi və akademik mübadilələrin təşviq edilməsi müzakirə olunur. Azərbaycan Şimali Makedoniya vətəndaşları üçün cəlbedici turizm məkanıdır və Makedoniyanın tarixi və təbii gözəllikləri azərbaycanlı turistlər üçün maraq kəsb edir.

Bu görüşlər bir daha sübut edir ki, ölkələr arasındakı coğrafi məsafə diplomatik və dostluq münasibətlərinə mane olmur.  Yəni, bundan sonra da Balkanlardan ölkəmizə uzanan bu dostluq körpüsü gələcək illərdə möhkəmlənəcək və iki ölkə arasında əlaqələri daha da gücləndirəcək.

İsmayıl İbrahimov,
 YAP Hacıqabul rayon təşkilatının sədri

Seçilən
20
1
ikisahil.az

10Mənbələr