AZ

Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindəndir

Hazırda Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Çünki, Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır. Ölkəmiz Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb.

Xatırladaq ki, Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

Ötən dövrlərdə iki ölkə arasında ticarət dövriyyəsi artıb, birgə iqtisadi layihələrə imza atılıb və investisiyaların təşviqi ilə bağlı razılaşmalar əldə edilib. Hazırda Azərbaycanda Şimali Makedoniya sərmayələri ilə fəaliyyət göstərən kommersiya qurumları mövcuddur. Bu, iqtisadi əməkdaşlığın təkcə kağız üzərində deyil, real biznes əlaqələri səviyyəsində də inkişaf etdiyini göstərir. İki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş 2013-cü ildə imzalanıb. Bu gün isə yeni layihələrin həyata keçirilməsi gündəmdədir.

Azərbaycanda Şimali Makedoniya  arasındakı əlaqələrin yeni mərhələyə qədəm qoyduğunun bariz nümunəsi isə Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkovanın COP29 tədbiri çərçivəsində Bakıya rəsmi səfəri olmuşdur. Ötən ilin 14 noyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən xanım Qordana Silyanovska-Davkova COP29-un yüksək səviyyədə təşkil edildiyini vurğulamışdır. Ali qonaq Azərbaycan mədəniyyəti ilə tanışlıqdan məmnunluğunu bildirmiş və ölkəmizlə əməkdaşlıq üçün geniş imkanların olduğunu demişdir. Ölkə başçımız da öz növbəsində Qordana Silyanovska-Davkovanın ölkəmizə səfərinin münasibətlərin genişləndirilməsinə, iqtisadi-ticari və mədəni əlaqələrin inkişaf etdirilməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir. Bu kontekstdə Balkan ölkələri ilə əlaqələrinin inkişafına önəm verdiyini qeyd etmişdir.

Bu görüşlər bir daha sübut edir ki, ölkələr arasındakı coğrafi məsafə diplomatik və dostluq münasibətlərinə mane olmur. Balkanlardan Xəzərə uzanan bu dostluq körpüsü gələcək illərdə möhkəmlənəcək və iki ölkə arasında əlaqələri daha da gücləndirəcək.

Martın 10-da ölkəmizə səfərə gələn Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın rəsmi qarşılanma mərasimi olub, daha sonra martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev deyib: "Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq. Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq".

İki ölkə iqtisadi sahədə əməkdaşlıq üçün potensiala malikdir. Azərbaycanın enerji resursları və nəqliyyat-logistika imkanları Makedoniya üçün əhəmiyyətli perspektivlər açır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və gələcəkdə bu sahədə əməkdaşlığın genişlənməsi mümkündür.

Dövlətimizin reallaşdırdığı beynəlxalq enerji və infrastruktur layihələri, xüsusilə Cənub Qaz Dəhlizi Balkan regionu üçün də mühüm əhəmiyyət daşıyır. Şimali Makedoniya Azərbaycanın enerji sektorundakı təcrübəsindən yararlanmaqda maraqlıdır. Bununla yanaşı, kənd təsərrüfatı, informasiya texnologiyaları və alternativ enerji sahələrində də əməkdaşlıq perspektivləri mövcuddur.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri

Seçilən
20
3
ikisahil.az

4Mənbələr