"Bolt" taksi şirkəti Azərbaycanda bir çox sürücünün taksi fəaliyyətini məhdudlaşdırıb. Sürücülərin sözlərinə görə, şirkət onların təlim sertifikatlarında uyğunsuzluqlar aşkarladığını bildirir və yenidən sertifikat təqdim etmələrini tələb edir. Bu səbəbdən sertifikatsız sürücülər bloklanıb və tətbiqə daxil ola bilmirlər.
Qeyd edək ki, taksi sürücüləri etik davranış, sərnişindaşıma qaydalarına dair xüsusi hazırlıq keçməli, şəhadətnamə almalıdırlar.
Maraqlıdır, "Bolt” şirkətinin tətbiq etdiyi bu qadağaların əsas səbəbləri nədir? Bu dəyişiklik digər taksi şirkətləri tərəfindən də tətbiq edilə bilərmi? Bu qadağa Bolt taksi xidmət haqqının bahalaşmasına səbəb olacaq?
Publika.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Ajans.az"a açıqlamasında bildirib ki, ölkəmizdə fəaliyyət göstərən taksi operator şirkətləri artıq yeni qanunlara riayət etməyə məcburdurlar:
‘’Əvvəllər qanunvericilikdə bu müddəalar yox idi, amma indi qanunvericilik dəyişdirildi və müəyyən tələblər irəli sürüldü. Bu tələblər həm taksi fəaliyyəti ilə məşğul olan sürücülərə, həm də şirkətlərə və taksi operatorlarına şamil edilir. Yeni qaydaların tətbiq edilməsində əsas məqsəd, taksi fəaliyyətini daha təhlükəsiz və keyfiyyətli etmək idi. Biz bu məsələdə ekspert olaraq fəal iştirak edib təkliflərimizi irəli sürdük.