Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova martın 10-da Azərbaycana gəlib. Martın 11-də Prezident İlham Əliyevin Qordana Silyanovska-Davkova ilə təkbətək görüşü olub. Daha sonra isə lanç əsnasında geniş tərkibdə görüş keçirilib.
Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri diqqət çəkir. İki ölkə arasında münasibətlərin tarixi qədim olmasa da, son illərdə ortaq maraqların formalaşdığını demək olar. Xüsusilə Azərbaycanın Avropa enerji bazarında çəkisinin artması, keyfiyyətli, ucuz qaz nəql etməsi və meqalayihələr icra etməsi Şimali Makedoniyanın ölkəmizə marağını artırıb.
Martın 11-də Prezident İlham Əliyev və Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış edərkən bu məsələyə toxunub. Ölkə başçısı deyib ki, “Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir”.
“On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir”, – Prezident deyib.
Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. 2027-ci ilin sonunadək isə bu həcmin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Azərbaycan qazı 2024-cü ilin sonlarından Şimali Makedoniyanın bazarına çatdırılır. Bu il enerji əməkdaşlığının daha da dərinləşməsi hədəflənir. Hazırda Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Şimali Makedoniya və Yunanıstana qaz nəqlinin artırılması, habelə Serbiyaya “mavi yanacaq” təchizatını təmin etmək üçün işlər görülür.
(Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova və Azərbaycan Prezidenti İlham Əliyev)
Makedoniya təbii qaz ehtiyacını Azərbaycan vasitəsilə qarşılaya bilər. Bu baş verərsə, 2030-cu ilə qədər kömürlə işləyən mövcud istilik elektrik stansiyaları istismardan çıxarılacaq.
Mavi qaz ixracatı dövlət gəlirlərini artırmaqla yanaşı, ölkəmizin geosiyasi mövqeyini daha da möhkəmləndirir. Bununla da regionun enerji təhlükəsizliyində Azərbaycanın rolunu gücləndirir. Bu, Şimali Makedoniya daxil olmaqla tərəfdaş ölkələrlə yeni əməkdaşlıq imkanları deməkdir.
Azərbaycan və Şimali Makedoniyanı bir-birinə yaxınlaşdıran digər səbəb də geosiyasi faktorlardır. Şimali Makedoniya Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqliyin geosiyasi arenada gətirdiyi uğurları yaxşı izləyir. Və bu prosesin bir parçası olmaq istəyir. Məsələn, Qordana Silyanovska-Davkova çıxışı zamanı deyib ki, XXI əsrdə yenidən dünya nizamı ilə bağlı fərziyyələrin irəli sürülməsi insanı sarsıdır.
“Ukrayna da daxil olmaqla, bu geniş region dünyada cərəyan edən hadisələrin özəyini təşkil edir və müxtəlif tərəflər bu regionda təsir gücünə malik olmaq istəyir. Zənnimcə, Avropa yenidən qapılarını açır və sizin nailiyyətləriniz sayəsində biz gələcək əməkdaşlığımızı davam etdirə bilərik” – xanım prezident qeyd edib.
Aydın məsələdir ki, geosiyasi rəqabətin artdığı bir zamanda nisbətən kiçik ölkələr öz gələcəklərini düşünməlidir. Şimali Makedoniya bu baxımdan Bakı-Ankara ittifaqına yaxınlaşır.//globalinfo.az