Heç kimə sirr deyil ki, artıq illərdir bir çox ölkələrdə avtomobil tıxacları ciddi problemə çevrilməkdədir. Həmçinin Azərbaycanda da bu problem var. Çıxış yolu kimi bir sıra ölkələr müxtəlif üsullardan istifadə edirlər. Misal üçün Amerika Birləmiş Ştatlarında və digər ölkələrdə iri şəhərlərə giriş ödənişlidir. Beləliklə də avtomobil tıxacları kifayət qədər azalıb.
Bəs Azərbaycanda bu problem öz həllini necə tapmalıdır? Bakının mərkəzinə giriş ödənişli ola bilərmi? Bu üsulun ölkəmizdə effektivliyi nə qədər real görünür?
Mövzu ilə bağlı texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov Referans - ın suallarını cavablandırıb. Fərhad Eyyubov bildirib ki, bu çox böyük bir problemdir. Ümumiyyətlə avtomobil tıxaclarının aradan qaldırılması üçün 3 əsas üsuldan istifadə olunur. Birinci üsul operativ təşkiletmə üsuludur. Yəni müəyyən yerlərdə hərəkətin istiqaməti dəyişdirilir. Bir istiqamətdə hərəkətdən istifadə edilir. Müəyyən svetaforların fazalarından yararlanırlar. Bu kimi digər üsullardan istifadə etməklə hərəkəti nizamlamaq mümkündür. Bakı şəhərində bu üsuldan istifadə edilib. Ona görə də bəzi böyük prospektlərdə hərəkət biristiqamətlidir. İkinci üsul isə memarlıq və layihələndirmə üsuludur. Belə ki xüsusilə avtomobil tıxaclarının yarandığı ərazilərdə həmin hissələri genişləndirmək, müəyyən ikisəviyyəli yollar salmaq, meydanları daha uyğun formaya gətirmək kimi üsullar isə hazırda Bakıda qeyri-mümkündür. Gələcəkdə dövlət proqramında yeni yolların salınması da nəzərdə tutulub.
Müsahibimiz 3 - cü üsul haqqında da danışıb. O deyib ki, bu üsul isə inzibati məhdudlaşdırıcı üsuldur. Yəni şəhərdə müəyyən məhdudlaşdırıcı üsullardan yararlanmaqla bu problemin həllinə nail olmaq olar. Məhdudlaşdırmanın da müəyyən versiyaları var. Misal üçün sizin də qeyd etdiyiniz kimi bəzi ərazilərə giriş ödənişli olur və ya bəzi yerlərə isə ümumiyyətlə maşınla girişə qadağalar tətbiq olunur. Gündüz saatlarında şəhərin mərkəz hissəsinə yük avtomobillərinin girişi birmənalı olaraq qadağandır Bu özü elə məhdudlaşdırıcı bir üsuldur. Əgər yük avtomobillərinin şəhərə girişinə də qadağa olmasaydı indi vəziyyət daha da gərgin olardı.
Ekspert onu da xatırladıb ki, bəzi hallarda siz də şahid olursunuz ki, paytaxtımızda genişmiqyaslı beynəlxalq tədbirlər keçiriləndə də müəyyən məhdudlaşdırıcı metodlar tətbiq edilir. Misal üçün regionlardan gələn avtomobillərin şəhərə daxil olmasına icazə verilmir. Müəyyən parklanma yerləri yaradılır.
Fərhad Eyyubov ictimai nəqliyyatla bağlı keçmiş illərdəki vəziyyətdən misallar çəkib. O bildirib ki, 1980 - ci illərdə Texniki Universitetin müəllimləri tərəfindən Bakının mərkəzinə yalnız ictimai nəqliyyatın girişi ilə bağlı bir plan nəzərdə tutulmuşdu. Yerdə qalan nəqliyyat vasitələri isə yalnız həmin ərazidə yaşayan şəxslərin xüsusi icazələrlə avtomobilləri üçün mümkün ola bilərdi. Lakin bunu reallaşdırmaq isə bir qədər çətinliklərə də səbəb olurdu.
Mütəxəssis əsasən bu üsulların tətbiqini daha münasib hesab edir. Yəni, operativ təşkiletmə və memarlıq - layihələndirmə üsulları tamamilə mümkün olmadığı halda gələcəkdə mütləq məhdudlaşdırıcı üsuldan istifadə faydalı olardı. Son vaxtlar Bakının mərkəz hissələrində müəyyən küçələr yalnız piyadalar üçün yenilənib. Bu kimi tədbirlər də məhz sıxlığın aradan qaldırılmasına xidmət edir. Lakin şəhərin ümumi avtomobillərlə bağlı tıxac probleminin həlli üçün isə çox ciddi və geniş araşdırmalara ehtiyac var.
Ekspert qeyd edib ki, hazırda bu məsələnin həlli üçün Azərbaycanda konkret olaraq məsuliyyət daşıyan bir müəssisə mövcud deyil. Nəqliyyatla bağlı bir sıra dövlət qurumları fəaliyyətdə olsalar da təəssüf ki, onlar bir - biriylə koordinasiyalı şəkildə işləmirlər. Misal üçün Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi birbaşa əlaqəli fəaliyyətdə deyillər. Bu istiqamətdə ümumi və birlikdə iş görülməlidir.
"Bu gün ölkəmizdə avtomobil tıxaclarına əsas səbəblərdən biri məhz şəxsi maşınların çoxalmasıdır. Bu problemin həlli üçün ilk növbədə elmi cəhətdən təhlillər aparılıb konkret proqramın tərtib olunması zərurəti var. Hər bir sturuktun nəqliyyat vasitələri ayrıca araşdırılmalı və hərəkətin normallaşdırılması üçün tədbirlər görülməlidir. Beləliklə də bu problem mərhələli şəkildə öz həllini tapacaq", - deyə ekspert əlavə edib.
Bünyamin Bünyadzadə
Referans