AZ

"Sabah" üzərində qələbə təəccübləndirmir, amma..."

"Şamaxı"nın idarə heyətinin sədri Elçin Usub Premyer Liqanın 26-cı turunda "Sabah" üzərində qazanılan qələbədən (1:0) sonra Sportinfo.az-a müsahibə verib.

Rəhbər şəxs ilk olaraq qələbəni şərh edib:

- Deyəcək söz yoxdur (gülür). Görünən kəndə nə bələdçi? Sevindirici haldır ki, bu qədər əziyyət bəhrəsini verir. Hər kəs deyirdi ki, oyun var, nəticələr də gələcək. Demək ki, belə qanunauyğunluq varmış. Sadəcə sevinirik.

- Sonuncu pillədə qərarlaşan "Səbail"dən 9 xal öndə olmaq dərindən nəfəs almağa imkan verəcək?

- Rahatlıq vermədiyini desəm yalan demiş olaram. Təbii ki, daima sonuncu olmamaq barədə düşünmək gündəlik işlərə də təsirsiz ötüşmür. Bugünkü komfort işimizi daha rahat, peşəkar, soyuq başla davam etməyə imkan verir.

- Bu mövsüm "Sabah"la üçüncü görüşdə də "Şamaxı" məğlub olmadı. Bunun sirri nədədir?

- Görünür taktiki mübarizədə məşqçilər korpusu tərəfindən seçilən yol doğrudur. Həm də iddialı klublara qarşı oyunlarda motivasiyamız daha fərqli olur.

- Bəs iddialı rəqibdən 7 xal qoparmaq Sizi təəccübləndirdi?

- Premyer Liqadakı birinci mövsümümüzdə də "Sabah"la oyunlarımız uğurlu alınırdı. Təəccübləndirir deməzdim, amma hədsiz sevindirir.

- Belajdi Pusi "Şamaxı"nın vurduğu qolların 43%-də birbaşa iştirak etmişdi. Belədə gedişindən sonra klub rəhbəri kimi sizdə Birinci Liqaya yuvarlanmaq kimi narahatlıq vardı?

- Asan qərar deyildi, narahatlıq vardı. Bir çox məsələləri ölçüb-biçdik. Yekunda iqtisadi durum nəzərə alındı. İmtina etsəydik, futbol baxımından başa düşülərdi. Amma klubu idarə edənlər yalnız bu yöndən yox, həm də iqtisadi məsələləri düşünür. Klubun gələcəkdə maliyyə vəziyyətinin dayanıqlı olmasını və qışda edilən transferlərin bizə kömək edə biləcəyini düşünərək bu təklifə yox deyə bilməzdik.

- Bu gün kollektivdə özünü yaxşı tərəfdən göstərən başqa legionerlər də var. Yayda onları klubda saxlamaq çətin olmayacaq?

- Çətin olacaq (gülür).

XANOĞLAN İMANOV

Seçilən
17
sportinfo.az

1Mənbələr