Dünən Ciddədə Ukrayna-ABŞ danışıqları sonucunda tərəflər bir aylıq atəşkəsə razılaşdılar...
Əli Zülfüqaroğlu: “Rusiya bilirdi ki, yaxın perspektivdə atəşkəsin əldə olunması ehtimalı yüksəkdir. Buna görə də, Kursk istiqamətində ciddi nəticələr əldə etməyə çalışır”.
“Bu atəşkəs həm də Rusiya ilə münasibətləri normallaşdırmağa çalışan Trampın da ABŞ-da reytinqinin yüksəlməsinə səbəb olacaq”.
Bu sözləri politoloq Əli Zülfüqaroğlu ABŞ-Ukrayna razılaşmasını Poliqon-a şərh edərkən qeyd edib.
Xəbər verdiyimiz kimi, dünən Ciddədə Ukrayna-ABŞ danışıqları sonucunda tərəflər bir aylıq atəşkəsə razılaşdılar və Amerika rəsmilərinin verdikləri açıqlamalara görə bundan sonra top Rusiyanın qapısına ötürüldü. Həmçinin ABŞ Ukraynaya yardımları da bərpa etdiyini elan etdi. Müşahidəçilərin fikrincə Rusiyanın bu atəşkəsə razılıq verməsi az inandırıcı görünür. Rusiya ekspertləri isə hesab edirlər ki, Kreml atəşkəsə ancaq öz şərtləri daxilində razılıq verəcək.
Bəs, Tramp Ukraynanı atəşkəsə məcbur etdiyi kimi, Putini də məcbur edə biləcəkmi?
Vaşinqton vasitəçilli ilə Rusiya-Ukrayna müharibəsində yaranan dönüşü Poliqon-un əməkdaşı politoloq Əli Zülfüqaroğlu ilə müzakirə edib.
Əli Zülfüqaroğlu: “Rusiyanın atəşkəsə getməyəcəyi ilə bağlı konkret fikir söyləmək kökündən yanlışdır”.
Alt diplomatik qatlarda Rusiya ilə Vaşinqton arasında razılaşmaların olduğunu hesab edən politoloq qeyd edib ki, buna görə də, Vaşinqton vasitəsilə atəşkəsin əldə olunması ehtimalı kifayət yüksəkdir:
“Yaxın perspektiv üçün Rusiya ilə Ukrayna arasında Vaşinqtonun vasitəsilə atəşkəsin əldə olunması gözlənilirdi. Bunun birinci mərhələsinin başa çatdığını deyə bilərik. Yəni ABŞ Ukraynanı razı sala bildi və indi təbii ki, Rusiya ilə danışıqlar aparılmalıdır. Rusiya da bilirdi ki, yaxın perspektivdə atəşkəsin əldə olunması ehtimalı yüksəkdir. Buna görə də, Kursk istiqamətində ciddi nəticələr əldə etməyə cəhd edir. Bunu ona görə edir ki, atəşkəsdən sonra müzakirə olunacaq sülh müqaviləsində Ukraynanın əli boş qalsın. Yəni Trampın diliylə desək, Putin hazırda Zelenskinin ılində olan sonuncu kartı almağa çalışır. Təbii ki, Ukraynanın əlində yeganə kart Kurskda ələ keçirdiyi torpaqlardır. Əgər Rusiya Kursk vilayətində itirdiyi torpaqları geri qaytarmağa nail olarsa, o zaman danışıqlar masasında Rusiyanın tam üstünlüyü əldə olunacaq.
Buna görə də, Rusiyanın atəşkəsə getməyəcəyi ilə bağlı konkret fikir söyləmək kökündən yanlışdır. Çünki Rusiya böyük ölçüdə atəşkəsə üstün mövqedə gedir. Eyni zamanda Kurskdakı geri dönüşü Rusiya ona görə etdi ki, ABŞ kəşfiyyat dəstəyini Ukraynaya azaltdı. Beləliklə də, Vaşinqton Zelenskiyə bu üsulla təzyiq edərək, Ukraynanın daha çox problemlərlə üzləşəcəyini və daha sonra çox ərazi itirəcəyini praktiki olaraq göstərir. Bundan sonra da Zelenskinin alternativi qalmadı.
Əli Zülfüqaroğlu: “Rusiya bilir ki, müharibənin davam etməsi, yəni Vaşinqtonun Avropa İttifaqı ilə bərabər Ukraynaya dəstək verməsi Rusiya üçün çox ciddi problemlərə səbəb ola bilər”.
Xüsusilə Avropa İttifaqının sərgilədiyi mövqe və Ukraynanın xilas etmək üçün yol xəritəsinin, potensialının olmaması Zelenski üçün başqa alternativ yol qoymur və ABŞ-nin şərtlərini qəbul etmək məcburiyyətində qalır.
Təbii ki, Rusiya da kifayət qədər iqtisadi problemlərə üzləşib. Eyni zamanda Tramp son zamanlar Ukraynaya etdiyi təzyiqlərlə bir növ Rusiyanı xilas etdi. Rusiya da bilir ki, müharibənin davam etməsi, yəni Vaşinqtonun Avropa İttifaqı ilə bərabər Ukraynaya dəstək verməsi Rusiya üçün çox ciddi problemlərə səbəb ola bilər. Hesab edirəm ki, alt qatlarda Rusiya ilə Vaşinqton arasında razılaşmalar var, konsensus əldə olunub. Buna görə də, Vaşinqton vasitəsilə atəşkəsin əldə olunması ehtimalı kifayət yüksəkdir.
Bu həm də Rusiya ilə münasibətləri normallaşdırmağa çalışan Trampın da ABŞ-da reytinqinin yüksəlməsinə səbəb olacaq. Rusiya da Trampın hakimiyyətə gəlməsi üçün kifayət qədər fəaliyyət göstərdi. Rusiya heç vaxt istəməz ki, ABŞ daxilində Trampa qarşı etiraz dalğası oldun. Bu konteksdən də baxanda Rusiya və Ukrayna arasında bir aylıq atəşkəsin əldə olunması kifayət qədər yüksəkdir”.
Nərminə UMUDLU
Poliqon.info