AZ

Cəbrayılda ikigünlük oftalmoloji səyyar müayinələr keçirilir

Martın 12-13-də Səhiyyə Nazirliyinin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Cəbrayıl şəhərində əhali üçün oftalmoloji tibbi müayinələr aparılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən ikigünlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi vətəndaşların operativ şəkildə müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.

Tibbi aksiyanın ilk günündə 100-ə yaxın sakin oftalmoloji müayinədən keçib. Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.

Ümumilikdə, ikigünlük oftalmoloji aksiya çərçivəsində 190-a yaxın vətəndaşın müayinədən keçməsi nəzərdə tutulub.

Aksiya zamanı məlumat verilib ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə edilib.

Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Seçilən
7
7
yeniazerbaycan.com

8Mənbələr