AZ

Azərbaycanın Milli Mədəniyyətinin Qorunması və Təbliği: Güllü Eldar Tomarlı ilə MÜSAHİBƏ

Azərbaycanın zəngin mədəni irsi və milli dəyərləri, onun xalqının həyat tərzi və mənəvi zənginliyi ilə sıx bağlıdır. Bu irsi qorumaq və gələcək nəsillərə ötürmək məqsədilə müxtəlif təşəbbüslər və layihələr həyata keçirilir. Bu günkü müsahibəmiz də belə bir təşəbbüsü təqdim edir: Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və şəxsi Kəlağayı Muzeyinin rəhbəri Güllü Eldar Tomarlının başçılıq etdiyi “Milli üslubda baş örtükləri və geyimləri” layihəsi haqqında söhbət edirik.

 

QHT.az: “Milli üslubda baş örtükləri və geyimləri” layihəsinin əsas məqsədi və əhəmiyyəti nədən ibarətdir?

Güllü Eldar Tomarlı: Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və şəxsi Kəlağayı Muzeyinin qarşısına qoyduğu ən önəmli vəzifə yaşından, peşəsindən asılı olmayaraq hamıya milli ruhumuzu, milli düşüncəmizi təbliğ etməklə maariflənmə işi aparmaqdır. Artıq dörd ildir ki, milli baş geyimlərimizi təqdim və təblig edən layihələrimizlə Azərbaycanı qarış-qarış gəzib milli baş geyimlərimizi tanıdırıq. Həmçinin Rusiya Federasiyasında, Gürcüstan Republikasında  yaddaqalan möhtəşəm tədbirlər keçirdik. Bizim üçün ən ümdə dəyərlər mənəvi müstəvidən keçir. Məqsədimiz gənc nəsillərdə milli dəyərlərə sayğı ilə yanaşmağı tərbiyə etmək,  mənəvi dünyamıza biganəlik artan müasir cəmiyyətdə gənclərdə Vətənimizə, onun milli mənəvi dəyərlərinə sevgi aşılamaqdır. 2025-ci ildə də İctimai Birliyimizin təqdim etdiyi “Milli üslubda baş örtükləri və geyimləri” layihəmiz  Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin qalibi elan olundu. Fəaliyyət dairəmizi genişləndirərək bu il də ipək kəlağayımızla yanaşı, başqa baş örtüklərimiz və geyimlərimizi - çalmanı, naz-nazını, ləçəyi, eləcə də qeyrət və namus rəmzi buxara, motal, çoban və digər papaq növlərini, həmçinin araqçını, təsəyi və başqa baş geyimlərinin mənəvi tərəflərini xalqımıza tanıtmaq üçün müxtəlif mədəni tədbirlər keçirəcəyik. Bu yaxınlarda çap olunacaq yeni kitabımızda toplanmış bədii nümunələr bu işimizin başlanğıcıdır.   
     

QHT.az: Layihə çərçivəsində Azərbaycan milli geyimlərinin və baş örtüklərinin təbliği hansı yollarla həyata keçirilir?

Güllü Eldar Tomarlı: Artıq xeyli vaxtdır ki, İctimai Birliyimiz Azərbaycanın əksər bölgələrində “Azərbaycan kəlağayısı – min illərin yadigarı”, “Kəlağayı əlvan, qıyğacı”, " Azərbaycan kəlağayılarının təbliği" adlı layihələrimiz də  2022, 2023, 2024- cü QHT Agentliyinin təqdim etdiyi qrant müsabiqələrinin qalibi oldu və layihələrimizi uğurla icra etdik. Ümumiyyətlə, bu layihələr  bir neçə  ayı əhatə edir. Bizim layihələrimiz  həmişə 3 ayı əhatə edir. Bu layihələrdən əlavə də  Prezident Administrasiyasına, Elm və Təhsil Nazirliyinə də təqdim etdiyimiz könülü layihələrimiz olur və dövlətimiz tərəfindən müsbət qiymətləndirilir. 2023- cü ildə  “Sazıl, Sözlü Kəlağayı Günləri" layihəsi çərçivəsində noyabrın 1- dən başlayaraq Naxçıvan MR-da, Qazaxda, Tovuzda, Gəncədə, Sumqayıtda, İsmayıllıda, Şəkidə, Şamaxıda kəlağayı ya aid tədbirlər keçirdik və tamaşaçılar tərəfindən böyük sevgilərlə qarşılandı. 2024 - cü ildə isə daha möhtəşəm oldu. Azərbaycanboyu ilboyu kəlağayı ya aid festivallar, tədbirlər, sərgilər keçirdik. Çünki, kəlağayı mızın Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Yuneskonun Qeyri Maddi Mədəni irs üzrə Reprezentativ siyahısına daxil olmağının 10 illik yubileyi idi. Bu münasibətlə çətin olsa da şərəfli yol keçdik, milli dəyərimiz olan kəlağayını daha geniş təbliğ etdik. Şükür ki, təbliğatımız nəticəsini verdi. 2024- cü ilin 26 noyabrın Azərbaycanda da, sərhədlərimizin uzaqlarda da " Kəlağayı bayramı" qeyd olundu. Mən qürur duyuram ki, kəlağayımızın bayram kimi keçirilməsinin təşəbbüs göstərmək və təşkilatçısı mən olmuşam. Kəlağayıya ilk şeiri yazdım, kəlağayı haqqında ilk mahnı aşıq Gözəl Kəlbəcərlinin ifasında yarandı. 50 qədimi kəlağayı ilə  Rəşid Behbudov adına mahnı teatrını çətin olsa da bəzədim. “Kəlağayımızın təbliği” və digər layihələrimiz çərçivəsində geniş konsert proqramları, festivallar keçirmək Birliyimizin ənənəsinə çevrilib. “Azərbaycan kəlağayısı – min illərin yadigarı” sənədli filmi QHT Agentliyinin maliyə  dəstəyi ilə  ərsəyə gəlib. Bu başlıq altında da  Mirvarid Dilbazi Poeziya Məclisinin maliyyə dəstəyi ilə işıq üzü gördü. Kəlağayı haqqında 100- lərlə gözəl şeirlər yazıldı. Kəlağayıya aid mahnılar yarandı. Bu sahəni təbliğ edən ədəbiyyat nümanələri yenə toplanmaqdadır. Hər il noyabrın 26-da “Azərbaycan Kəlağayısı Günü”ndə Beynəlxalq Muğam Mərkəzində maraqlı konsert proqramında Azərbaycanın tanınmış incəsənət nümayəndələri iştirak edir. Kəlağayının və papağın əxlaqi və milli mənəvi dəyər kimi tanıdılmasında şəxsi Kəlağayı Muzeyimiz böyük işlər görür, tədbirlər keçirir. Muzeyi ziyarət edənlər arasında xarici qonaqların da olması bizim beynəlxalq aləmdə tanınmağımızın təzahürüdür.

 

QHT.az: Qarşıdan gələn Novruz bayramı ilə bağlı layihədə xüsusi tədbirlər və ya təqdimatlar nəzərdə tutulubmu?

Güllü Eldar Tomarlı: Novruz təbiətin canlanması, duyğuların coşması ilə yanaşı, həm də xalqımızın adət-ənənələrini yaşadan milli bayramımızdır. Novruz bayramı günlərində igidlərimiz cıdır yarışlarına çıxardılar, qalib atın boynuna qırmızı kəlağayı bağlayardılar. İlaxır çərşənbə axşamı subay oğlanlar örpək, şal, yaxud kəlağayı götürüb sevdikləri qızların evinə gedər, baş ötüyünü damdan, pəncərədən, bacadan evə sallayardılar. Əgər qızın ata-anası razıdırlarsa, həmin örpəyi qızın belinə bağlayardılar.
Artıq İctmai Birliyimiz və Kəlağayı Muzeyi Novruz bayramı ilə əlaqədar tədbirlərə başlayıb. 11 mart 2025-cı ildə Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya  Mərkəzində Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü ilə “Zəfər ətirli Novruzum” adlı konsertimiz, Kəlağayı Muzeyinin yaşı əsrlərə söykənən müasir və qədimi kəlağayılarıın,  mərkəzin sakinlərinin və bu yazının müəllifinin əl işlərindən ibarət sərgi oldu. Yeri gəlmişkən qeyd edim ki, 300-dən çox əl işlərim, 200-dən çox kəlağayı və digər eksponatlar geniş, işıqlı yerini, tamaşaçı bolluğunu gözləyir.
Bilgəhdə Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində də Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə “Zəfər ətirli Novruzum” adlı konsert keçirildi.  Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndirildi. Əməkdar Mədəniyyət işçisi, müqənni, aşıq Solmaz Kosayeva, Əməkdar artist Yusif Mustafayev, gənc aşıq Rəvanə Lerikli, gənc müğənni Mehman Abbasov, Xalq yazıçısı Əzizə Cəfərzadə irsinin qorunub saxlanmasında və təbliğində böyük xidməti olan Turan İbrahimov, Prezident təqaüdçüsü, əmək veteranı Tərlan Musayeva, Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri Fəxrəddin Mahmudov, Tərxanım Museyibqızı, Lilpar Qəzənfər, Könül İbrahimsoy maraqlı konsert proqramı və poeziya nümunələri ilə iştirakçılarda xoş əhval-ruhiyyə yaratdılar. Turan İbrahimov Əzizə Cəfərzadənin kitablarını, Tərlan Musayeva 70 illik yubileyi münasibəti ilə araşdırmaçı-yazıçı Vaqif Osmanlının  yazdığı “Ulu Öndərin “canlı əsəri” Tərlan” kitabını  Ahıl şəxslər üçün sosial xidmət müəssəsinin direktoru Samirə Mehdiyevaya təqdim etdilər.
Novruz Bayramı münasibəti ilə “Zəfər ətirli Novruzum” tədbirləri davam edir. İnşallah, 19 martda İmişlidə Diferensial Təhsil və Tədris Mərkəzində geniş konsert proqramı ilə çıxış edəcəyik.

 

QHT.az: Gənclərin milli geyimlərə marağını artırmaq üçün hansı addımlar atılır?

Güllü Eldar Tomarlı: Biz tez-tez  ali və orta məktəblərdə, mədəniyyət ocaqlarında  tədbirlər təşkil edirik. Mütləq həmin tədbirlərə Kəlağayı Muzeyinin kəlağayılarını, papaqlarını, milli geyim və məişət əşyalarını aparırıq. Gənclərdə kəlağayıya, papağa sevgini görəndə fərəhlənirəm ki, çəkdiyimiz zəhmət bəhrəsini verməkdədir. Artıq bir çox gənclər bizim tədbirlərə çiynində, yaxud başında kəlağayı ilə gəlirlər. Hər kəs öz çıxışında milli baş geyimlərimizin özəl cəhətlərindən, milli əxlaqımızda, düşüncəmizdəki yerindən danışdıqca hiss olunur ki, gənclərimizdə milli ruh formalaşır. Hətta məktəblərdə keçirilən şəhidlərin doğum və anım tədbirlərində kəlağayılı gənclərin çoxluğu bizi işimizdə daha fəal olmağa səsləyir. 

 

QHT.az: Azərbaycan milli baş örtükləri və geyimlərinin beynəlxalq arenada tanıdılması üçün hansı işlər görülür?

Güllü Eldar Tomarlı: Biz bu sahədə də fəaliyyətimizi genişləndirməkdəyik. Tez-tez muzeyimizə xarici qonaqlar gəlir. Onlar Azərbaycan kəlağayısının, papağının özünəməxsus cəhətlərindən – rənglər dünyasından, sağlamlığa təsirindən, milli ornamentlərdən, yaraşıq, gözəllik, abır, həya, ismət, namus, qeyrət rəmzi olmasından söhbət açanda heyrətlənirlər. 2022-ci ildə qardaş Türkiyənin Ərzincan şəhərində düzənlənən Uluslararası Türk Dünyası Simpozimuna gələn 800-ə qədər iştirakçılar mənim başımda, çantamda kəlağayını görəndə ətrafıma toplaşdılar. Azərbaycan ipəyinin zərifliyinə, fəlsəfəsinə heyran qaldılar. Hamı başına kəlağayı örtüb mənimlə şəkil çəkdirmək arzusunu bildirirdi. Keçən il Rusiya Federasiyasının Sankt-Perburq şəhərinin Milli Kitabxanasında  "Kəlağayı bayramı" keçirdik.. Başqa millətlərin kəlağayıya ehtiramla yanaşması məni fərəhləndirdi. Gürcüstanda da keçirilən tədbirdə Marneulidə “Kəlağayı guşəsi” yaratdıq. Xalqımız, mədəniyyətimiz, milliliyimiz yolunda Mirvarid Dilbazi Poeziya Məclisi olaraq görüləsi çox işlərimiz  işlərimiz var. Allah imkan versin, güc versin. Sizə təşəkkür edirəm.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
20
qht.az

1Mənbələr