AZ

ADU müasir dillər üzrə dünyanın ən yaxşı 250 universitetinin siyahısına daxil edilib

Azərbaycan Dillər Universiteti (ADU) “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 250 universitetinin siyahısına daxil olub.

ADU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, martın 12-də “Quacquarelli Symonds” (QS) reytinq agentliyi fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlini dərc edib. Azərbaycan universitetləri ümumilikdə 5 fənn sahəsində təmsil olunub və 100 pillə irəliləyib.

Qeyd edək ki, 2023-cü və 2024-cü illərdə Azərbaycan Dillər Universiteti müasir dillər üzrə 301-340-cı yerləri tutduğu halda, bu il 100 pillə irəliləyərək 201-250-ci sıralarda yer alıb.

QS reytinqi 5 indikatoru (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alır.

201-250-ci sırada yer almaq Azərbaycan Dillər Universiteti üçün böyük uğurdur. Bu münasibətlə keçirilən tədbirdə ADU-nun rektoru akademik Kamal Abdulla universitet əməkdaşlarını təbrik edib, bu uğurun universitet kollektivinin yüksək bilik və bacarıqlarının nəticəsi kimi qiymətləndirib.

Qeyd olunub ki, ADU QS reytinqlər cədvəlində 100 pillə irəliləməklə, böyük elmi nailiyyətə imza atıb: “Bu gün tarixi bir gündür. ADU dünyanın nüfuzlu universitetləri arasında 201-250-ci yeri bölüşür. Bu, böyük nailiyyətdir. ADU-nun nüfuzu bu gün dünya sərhədlərini aşır. Müəllimlərimizin, akademik heyətimizin, tələbələrimizin elmi potensialı günü-gündən artır. Bu da özünü beynəlxalq səviyyədə göstərir. QS reytinqlər cədvəlində irəliləməyimiz bizim hər birimizin əməyinin bəhrəsi, əziyyətinin göstəricisidir”.

Rektorun müşaviri Coşqun Dadaşov QS reytinqlər cədvəlinin iş prinsipi haqqında məlumat verib.

Qeyd olunub ki, QS reytinqi Beynəlxalq Reytinq Ekspert Qrupu (IREG) tərəfindən təsdiqlənir və dünyada ən nüfuzlu reytinqlərindən biri kimi qəbul edilir.

Universitet rəhbərliyinin böyük səyləri nəticəsində beynəlxalq əlaqələrin genişləndirilməsi, uğurlu strateji təhsil planının həyata keçirilməsi, akademik heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi QS reytinqlər cədvəlində ADU-nun daha da irəliləməsinə şərait yaradıb.

Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova QS reytinqlər cədvəlində qərarlaşan universitetlər, onların elmi göstəriciləri, ADU-nun beynəlxalq əlaqələrinin inkişafı istiqamətində atılan addımlar haqqında danışıb.

Daha sonra çıxış edənlər - sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, Milli Məclisin deputatı Tamam Cəfərova, elmi işlər üzrə prorektor Həmidə Əliyeva, tədris işləri üzrə prorektor Şəfəq Şahməmmədova, ADU HİK-in sədri Misgər Məmmədov, rektorun sosial məsələlər üzrə müşaviri Ələdddin Əliyev, Biliyin qiymətləndirilməsi şöbəsinin müdiri Fatma Qurbanzadə, Strateji inkişaf və planlama şöbəsinin müdiri Röya Əliyeva, Linqvokulturologiya kafedrasının müdiri Vüsalə Ağabəyli, Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri Ülfət İbrahim ADU-nun QS reytinqlər cədvəlində əldə etdiyi yüksək göstəricidən söz açıblar.

Seçilən
3
1
tehsil.biz

10Mənbələr