AZ

Ermənistanın bu addımı narahatlıq yaratdı – 2020-nin 26 sentyabrına qayıtmaq üçün…

“Caliber” nəşrinin Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması barədə iddiası bir çox baxımdan diqqət çəkir. Xüsusilə İrəvanın silahlanması, döyüş mövqeləri inşa etməsi fonunda bu iddia əsaslı görünür.
 
Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, müharibə zamanı Ermənistan ordusu sahədə məğlubiyyətlə yanaşı, həm də çox ağır silah-texnika itkisinə məruz qaldı:
 
“Xüsusilə kadrların sıradan çıxarılması Ermənistan ordusuna ağır zərbə vurdu. İstər İrəvan, istərsə də dünyanın bir sıra araşdırma institutları düşünürdü ki, ordunun yenidən 2020-ci ilin 26 sentyabr səviyyəsinə qayıtması üçün ən azı 7-8 il vaxt və milyardlarla pul lazım olacaq. Müharibə bitəndən təxminən 1 il sonraya qədər Ermənistan tərəfi demək olar, silah-sursatın alınması və digər məsələlərlə bağlı xüsusi addım atmırdı. Amma təxminən 2 ildən sonra onlar ciddi şəkildə silahlanmaya başladılar. Bunu itirdiklərinin bərpa edilməsi, müdafiə qabiliyyətlərinin artırılması formasında açıqlayırdılar. Ermənistanın aldığı silahlara baxanda açıq şəkildə görünür ki, həm özləri, həm də havadarları 44 günlük müharibəni ciddi analiz ediblər. İlk dönəmdə aldıqları silahlar həqiqətən itirdiklərinin bərpası kimi görünürdü. Lakin sonra onlar Fransadan SEZAR (CAESAR) haubitsaları əldə etdilər. Bu isə nəslinin ən sonu və mükəmməli sayılır”.
 
Ekspert bildirib ki, Ermənistan Rusiya-Ukrayna müharibəsini nəzərə alaraq başqa bazarlara üz tutmağa başladı:
 
“Bunlardan biri Hindistan idi. Bu ölkə həm Rusiya, Fransa, həm də İsrail, ABŞ-la müqavilələr əsasında silah istehsalı həyata keçirir. Bəzən Azərbaycanda Hindistan silahlarının keyfiyyətsiz olması istiqamətində fikirlər səsləndirilir. Qətiyyən belə deyil. Ermənistanın seçim səbəbi də budur. Həmçinin siyasi məqamlar var. Azərbaycan-Pakistan münasibətləri ciddi rol oynayır. Bundan əlavə, Ermənistan ordusunun kadrları əvvəllər Rusiyada “Franzua” akademiyasında oxuyurdular. İndiki mərhələdə münasibətlər qənaətbəxş olmadığına görə daha çox bunu Almaniya və Yunanıstanda həyata keçirirlər. Ermənistanın Yunanıstandan da silah alması barədə informasiyalar var idi. Lakin bu ölkənin antidron istehsal edən şirkətləri müflis oldu və layihə baş tutmamış sayıldı”.
 
S.Məmmədin sözlərinə görə, İrəvan zamanında Serbiyadan silahlar alırdı:
 
“Eyni zamanda bir çox Avropa ölkələri ilə danışıqların aparılması haqda məlumatlar var. Ümumiyyətlə Azərbaycanla münasibətlər imkan verdiyi qədər onlar Ermənistana silah sata biləcəklər. Məsələn, İtaliya ilə əlaqələr nəzərə alınarsa, İrəvanın buradan silah alacağı gözlənilən deyil. Amma başqa ölkələrlə silah alveri mümkündür və reallığı əks etdirir. Pullar məsələsinə gəldikdə, Ermənistan bunu həm kreditlər vasitəsilə əldə edir, həm də erməni lobbisi məsələnin həllində rol oynayır. Bunlarla yanaşı, Ermənistan ona gələn humanitar yardımları da silahlara yönəldə bilir”.
Seçilən
2
1
referans.az

2Mənbələr