AZ

Yaz fəsli mövsümü allergik xəstəliklərin ən çox müşahidə edildiyi dövrdür - Yazgül Abdiyeva

Allergik rinit
Yaz fəsli mövsümü allergik xəstəliklərin ən çox müşahidə edildiyi dövrdür. Allergik rinit əsasən, çiçəklərin tozlanma dövründə baş qaldırır. Fevral ayının ortalarından başlayaraq iyul ayının sonlarınadək gül-çiçək dövrü olduğundan bu xəstəlik aktual olur: bu dövrdə uşaqlar və böyüklər arasında allergik rinit hallarına rast gəlinir. Özü də güllərdən daha çox, alaq otlarından allergik reaksiyalar yaranır. Ən geniş yayılmış allergik reaksiyalardan biri pollinozdur. Buna çox vaxt mövsümü allergik rinit diaqnozu qoyulur. Bu zaman əsas dörd əlamət müşahidə edilir. Səhərlər dalbabal, 10-15 dəfə asqırma, burunun qaşınması, şəffaf seliyin gəlməsi və burun tutulması.
Allergiya immun sisteminin yaratdığı bir reaksiyadır. İmmun sistemi orqanizmə daxil olan bütün yad cisimlərə qarşı cavab verir. Normal şərtlər daxilində bu qoruyucu reaksiyadır. Bununla yanaşı, bəzi insanlar bir sıra maddələrə qarşı fərqli immun cavab yaradır və bu maddələrlə təkrar qarşılaşdıqda daha yüksək reaksiyalar verir. Bu maddələr allergenlər, bu tip insanlar isə “allergic” olaraq adlandırılır. Allergiya genetik olaraq keçir və əgər hər iki valideyn allergikdirsə uşaqlarında allergiyaya rastgəlinmə tezliyi 50%-ə bərabərdir.
Allergenlər orqanizmdə anticisim əmələ gəlməsinə təkan verirlər. Bu anticisimlər allergenlərlə birləşib bəzi kimyəvi maddələrin ifraz olunmasına – histaminə səbəb olur . Bu maddə burun balıqqulaqlarının ödeminə, qaşınma, bol selik ifrazına və qıcıqlanmaya səbəb olur.
Allergik rinit ən çox rast gəlinən allergik xəstəlikdir. Rast gəlinmə tezliyi 20%-dir. Hər il bir çox insan allergik rinitlə qarşılaşır. Bəzi insanlarda yüngül, bəzilərində isə çox ağır əlamətlərlə özünü göstərir.
Əlamətləri: Burun axıntısı, asqırma, burunda qaşınma, burun tıxanıqlığı, qoxunun zəifləməsi, gözlərdə yaşarma və yorğunluq. Qavrama çətinliyi, yuxu pozğunluğu normal həyat keyfiyyətini pozur. Bu xəstəliyə bütün yaşlarda rast gəlinə bilər, ancaq, əsasən 1-20 yaş arasında başlayır. Əksəriyyətində ailədə eyni və ya oxşar xəstəliklər mövcud olur.
Növləri: Mövsümlə əlaqəli allergik rinit: Ağac, çayır və yabanı ot tozcuqlarına qarşı yaranan rinitdir. Xəstənin şikayətləri bu allergenlərin atmosferdə çox olduğu vaxtlarda özünü göstərir. Xəstəliyin il ərzində davam etmə müddəti coğrafi bölgə və iqlim ilə yaxından əlaqəlidir. Tozcuq mövsümü xaricində xəstələr ümümilikdə rahat olurlar. Yazın əvvələrində ağac, ortalarında çayır, yazın ortasından payıza qədər də yabanı ot tozcuqları bu şikayətə səbəb olar.
İl boyu davam edən allergik rinit: Allergenlərlə təmasın il boyu davam etdiyi və şikayətlərin il ərzində mövcud olduğu allergik rinit növüdür. Səbəb olan allergenlər ev tozu akarı, hamam böcəkləri, ev heyvanı allergenləri (pişik, it) və sporları. Ən vacib allergen ev tozu akarıdır (mite). Xəstənin yaşadığı yerdə daima akar allergenlərinə məruz qalması, şikayətlərinin il boyu davam etməsinə səbəb olur. Digər ev içi allergenləri isə ev heyvanlarıdır. Xüsusi ilə pişik allergenləri cox vacibdir. Yayıldığı yerdə aylarca qala bilir. Tək ev içində deyil, məktəb, iş yeri, avtobuslarda yüksək miqdarda təsbit edilmişdir.
Peşəyə bağlı allergik rinit: İş yerlərindəki allergenlərə, qıcıqlandırıcı maddələrə bağlıdır. Asqırma, burun axıntısı və burun tıxanıqlığı kimi əlamətlər iş yerlərinə girdikdən sonra yaranır. Xəstələr həftə sonları və istirahət günlərində rahat olurlar.
Allergik rinit olan xəstələrin 30-40%-də bronx həssaslığı və allergik astma, daha az sıxlıqda digər allergik xəstəliklər müşahidə olunur.
Müayinəsi: Anamnez, fiziki müayinə əlamətləri ilə birgə dəri allergiya testi və burun yaxmasının incəlməsi ilə qoyulur. Diaqnoz üçün ən çox istifadə olunan dəri testidir, ancaq, dəri testində olmayan bir allergenə allergiyası varsa, bu test o qədər də faydalı olmayacaq, nəticə neqativ çıxacaq. Həmçinin bəzi allergenlər dəridə reaksiya verməsələr də, tənəffüs yollarında reaksiyaya səbəb olur. Bundan başqa, qanda İgE – yə baxılır.
Müalicəsi:
– Allergenlərlə təmasın aradan qaldırılması
– Dərman müalicəsi
– Hiposensibilizasiya (peyvənd müalicəsi)
– Cərrahi müalicə
– Fitoterapiya
1) Allergenlərlə təmasın aradan qaldırılması
Allergik rinitin müalicəsində əsas məqsəd allergenlərdən qorunmaqdır. Ancaq bu o qədər də asan deyil. Tozcuqlardan qorunmaq üçün tədbirlər:
• Tozcuqların çox olduğu vaxtlarda saat 05.00-10.00 arası açıq havaya çıxmamaq. Ancaq burunu bağlayan maskalarla çıxmaq olar.
• Tozcuqlar olan vaxt açıq havada idman etməmək.
• Saç tozu tutur. Bu səbəbdən hər axşam saçları yuyub, duş alınmalı.
• Uşaqlar evə gəldikləri zaman paltarlarını dəyişməlidirlər.
• Maşında pəncərələri açmamaq.
• Tozcuq mövsümündə qapı və pəncərələri bağlamaq.
• Evdə və ofislərdə kondisionerlərin filtri tez-tez dəyişdirilməli.
• İstirahət üçün dəniz kənarını seçmək.
• Bayırda eynək və şlyapalardan istifadə etmək. Eynəkləri hər gün axar su altında yumaq.
• Gündəlik paltarları yataq otağında dəyişməmək.
• Allergiyaya qarşı həkim qəbuluna getmək.
• Ev tozu akarlarından qorunmaq üçün nəmli mühitdən uzaq olmaq, yataq otağında toz tutacaq əşyaları (xalça) götürmək, allergenləri keçirməyən yataq, yorğan, yastıqlardan istifadə etmək lazımdır.
2) Dərman müalicəsi:
Qulaq burun boğaz həkiminiz tərəfindən aparılacaq müayinə nəticəsində alergiyanin infeksiya və ya hər hansı anatomik pozğunluğa səbəb olub-olmadığı müəyyən olunub, ona uyğun müalicə veriləcəkdir. Allergiya müalicəsində istifadə olunan dərmanlar aşağıdakılardır.
• Antihistaminlər
• Dekonjestanlar
• Xromalin
• Kortizonlu dərmanlar
Bu dərmanlar tək və ya kombinə şəkildə həkim məsləhətinə görə istifadə olunur.
3) Peyvənd müalicəsi (immunoterapiya):
Bu allergiyadan qorunmağın mümkün olmadığı və ya dərman müalicəsinin fayda vermədiyi hallarda, allergenin az dozadan başlayaraq, artan şəkildə şprislə dəri altına yeridilməsi üsulu ilə aparılan immunoterapiyadır. Bu zaman orqanizm bu maddəni tanıyaraq allergik reaksiya göstərməməyə proqramlanır. Peyvənd həftədə bir dəfə olmaqla, 3 -5 il ərzində aparılır. Son illərdə allergenin ağızdan (dilaltı) və ya burundan verilməsi ilə yaxşı nəticələr əldə edilməsi bildirilmişdir. Yaşı 5-dən az olan uşaqlar, immun sistemi, xərçəng xəstəliyi, ağır psixoloji problemləri olanlar, müalicəyə düzgün davam edə bilməyən xəstələr peyvənd aparılması üçün münasib kontingent deyil.
İmmunoterapiya mütəxəssis nəzarəti altında aparılmalıdır. Xəstə hər peyvənddən sonra 30 dəqiqə gözləməli. hər hansı reaksiya yaranıb-yaranmamasına nəzarət olunmalıdır. Peyvənddən sonra hər hansı əlamət hiss edilərsə həkiminizlə məsləhətləşin.
4) Cərrahi müalicə:
Burun əti və ya Konxa allergik şikayəti olan xəstələrdə böyüyür. Onlarda müşahidə olunan burun tıxanıqlığını daha da artırır.
Bundan əlavə, allergiya burun içində poliplərdə yaradır. Poliplərdə mövcüd burun tıxanıqlığını daha da artırır. Bu kimi hallarda cərrəhiyyə müalicədən daha faydalıdır. Bu əməliyyatda əsas məqsəd burun tıxanıqlığını götürməkdir, bununla yanaşı allergiyanın digər əlamətləri də əməliyyatdan sonra azala bilər.
5) Fototerapiya (Rhinolight):
Allergiyanın müalicəsində istifadə olunan ən yeni metoddur. Bir neçə dəqiqəlik seanslarla istifadə olunan işıq müalicəsi ağrısızdır və bir ya da iki müalicədən sonra təsirini göstərir. Həm mövsümi, həm də il boyu allergik şikayətləri davam edən xəstələrdə işıq müalicəsi ilə burunda allergiyaya bağlı yaranan qaşıntı, axıntı, tıxanma, asqırma azalır və ya yox olur.

t.e.d Yazgül Abdıyeva

Seçilən
19
yenigundem.az

1Mənbələr