AZ

Ərəstun Oruclu: Azərbaycan heç bir halda “İbrahim sazişi”nə qoşulmamalıdır...

İsraildən Azərbaycanın "İbrahim sazişi"nə daxil edilməsi ilə bağlı təkliflər səsləndirilir...

Siyasi-şərhçi: “Bu sazişin Azərbaycana istər siyasi, istər çoğrafi baxımından heç bir aidiyyəti yoxdur. Azərbaycan Avropa dövlətidir. O saziş isə Yaxın Şərq və Şimali Afrika ölkələri üçün nəzərdə tutulub”.

“Mən hesab edirəm ki, bu gün İsrail tərəfindən bunun ortaya atılması Cənubi Qafqazda və Mərkəzi Asiyada Türkiyənin mövqeyini zəiflətməyə xidmət edir”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Azərbaycanın “İbrahim sazişi”nə daxil olması haqında səsləndirilən fikirləri Poliqon-a şərh edərkən qeyd edib.

Son zamanlar İsraildən Azərbaycanın "İbrahim sazişi"nə daxil edilməsi ilə bağlı təkliflər səsləndirilir. “İbrahim sazişi”nə daxil olmaq Azərbaycanın maraqlarını nə qədər təmin edir və bu sazişdən Azərbaycanın Türkiyə ilə münasibətləri zərər görə bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Sual olunur ki, Azərbaycan bununla nə əldə edir ki, özünün Avropa dövləti statusundan imtina edərək gedib hansısa bir “İbrahim sazişi”ə qoşulur. Ümumiyyətlə, buna nə ehtiyac var?”.

Birmənalı olaraq bu sazişin Türkiyə ilə münasibətlərə mənfi təsir edəcəyini vurğulayan ekspert Poliqon-a bildirib ki, İlham Əliyevin Ankara səfərinin ardınca bu söhbətin ortaya atılması Türkiyə-Azərbaycan münasibətlərinə qarşı təxribatdır:

“Əvvəla onu qeyd edim ki, “İbrahim sazişi”i Donald Trampın birinci prezidentliyi dövründə onun kürəkəni olan, İsrail lobbiçisi və Tramp administrasiyasında yüksək vəzifə tutan Kuşnerin təşəbbüsü olub. Konkret olaraq bu sənədin arxasında Yaxın Şərq, Ərəb ölkələrinin İsrail dövlətini tanıması, onun mövcud olmaq hüququ qəbul etməsi dayanır. O zaman bu sənədə cəmi 4 dövlət qoşuldu. Bunlar Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Əlcəzair idi.

Təklif edilir ki, “İbrahim sazişi”nə Azərbaycan və digər iki türkdilli dövlət olan Özbəkistan və Qazaxıstan da qoşulsun.

Birincisi, bu sazişin Azərbaycana istər siyasi, istər çoğrafi baxımından heç bir aidiyyəti yoxdur. Azərbaycan Avropa dövlətidir. O saziş isə Yaxın Şərq və Şimali Afrika ölkələri üçün nəzərdə tutulub. Bu avtomatik olaraq Azərbaycanın statusunu dəyişir.

Sual olunur ki, Azərbaycan bununla nə əldə edir ki, özünün Avropa dövləti statusundan imtina edərək gedib hansısa bir “İbrahim sazişi”nə qoşulsun? Ümumiyyətlə, buna nə ehtiyac var? Azərbaycan İsraili dövlət kimi tanıyır, onunla iqtisadi, siyasi, hərbi əlaqələri də var. Hətta mən deyərdim ki, İsrail dövlətinin heç bir müsəlman dövləti ilə bu qədər əlaqəsi yoxdur. Faktiki olaraq Azərbaycan az qala İsrailin filialına çevrilib. Bunu rəsmiləşdirməyə nə ehtiyac var?

Mən hesab edirəm ki, bu gün İsrail tərəfindən bunun ortaya atılması Cənubi Qafqazda və Mərkəzi Asiyada Türkiyənin mövqeyini zəiflətməyə xidmət edir. Təsadüfi deyil ki, məhz üç həlledici mövqeyə sahib olan türk dövlətlərini bu sazişə qoşmaq təklif olunur. Bu absurddur, yolverilməzdir. Bu Azərbaycanın gələcəyinə fərqli şərait yaradan addım olardı. Azərbaycan heç bir halda “İbrahim sazişi”ə qoşulmamalıdır. Dediyim kimi, onsuz da, Azərbaycan İsraili dövlət kimi tanıyır vəonunla çox geniş əlaqələrə sahibdir.

Ərəstun Oruclu: “Azərbaycan heç bir dövlətin vassalına çevrilməməlidir”.

Əgər “İbrahim sazişi”ə Səudiyyə Ərəbistanı, Oman, Qətər, Küveyt kimi dövlətlər qoşulmursa, hansı ki, bu saziş ilk növbədə onlar üçün nəzərdə tutulub, Azərbaycan, Özbəkistan, Qazaxıstan niyə buna qoşulmalıdır? Bu söhbətin vaxt baxımından ortaya atılması İlham Əliyevin Aknara səfərinin ardınca olması çox ciddi suallar doğurur.

Azərbaycan heç bir dövlətin vassalına çevrilməməlidir. Azərbaycan özü müstəqil siyasətini yürütməlidir. Azərbaycan ATƏT, Avropa Şurasının üzvüdür, Azərbaycanın Avropa Birliyi ilə müxtəlif birgə layihələri var, eyni zamanda Azərbaycan çoğrafi baxımından Avropa dövlətidir. Buna görə də, ortaya atılmış və ancaq İsrailin maraqlarına xidmət edən “İbrahim sazişi”nə Azərbaycanın qoyulması rəsmi Bakının xarici siyasətdə seçim etmək siyasətinə təhdidir.

Birmənalı olaraq bu saziş Türkiyə ilə münasibətlərə mənfi təsir edəcək. Bir daha qeyd edim ki, İlham Əliyevin Ankara səfərinin ardınca bu söhbətin ortaya atılması Türkiyə-Azərbaycan münasibətlərinə qarşı təxribatdır. Bunun başqa adı yoxdur. Mənim bu mənada mövqeyim çox birmənalıdır”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
0
1
poliqon.info

2Mənbələr