AZ

Azərbaycan Universiteti rektorunun yeni kitabı çapdan çıxıb

Azərbaycan Universitetinin rektoru filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyevanın həmmüəllif olduğu “Amerika uşaq ədəbiyyatı” adlı yeni dərs vəsaiti çap olunub. Kitabın digər müəllifi filologiya elmləri doktoru professor Şahin Xəlillidir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Universitetindən məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində filologiya ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulan dərs vəsaiti Amerika uşaq ədəbiyyatının ümumi mənzərəsi haqqında dolğun təsəvvür yaradır. Yerli hindu ədəbiyyatı məsələlərinə xüsusi yer verilən kitabda görkəmli sənət adamlarının yaradıcılığı haqqında yığcam esselər və onların əsərlərindən poetik nümunələr təqdim olunub, tanınmış uşaq ədəbiyyatı mütəxəssislərindən Olqa Buxina və Syuzan Zederin göndərdiyi materiallar öz əksini tapıb.

Dərs vəsaiti beş fəsildən ibarətdir. Hindu laylası ilə başlayan birinci fəsil yerli sakinlərin layla, şeir və əfsanələrinə həsr olunub. İkinci fəsil Amerika uşaq poeziyasından bəhs edir. Üçüncü fəsildə uşaq nəşrinə, dördüncü fəsildə səhnə əsərlərinə yer verilib. Beşinci fəsil isə “Böyüklər və uşaq ədəbiyyatı” haqqındadır.

“Amerika uşaq ədəbiyyatı” adlı yeni dərs vəsaiti müəlliflərin bu sahədə gördüyü sistemli işin davamı kimi diqqəti cəlb edir. Belə ki, müəlliflərin 2018-ci ildə “Britaniya uşaq ədəbiyyatı”, 2019-cu ildə “Robert Börns: şeir, nəğmə körpüsü və sözlə hörülmüş dünya” və 2021-ci ildə “Britaniya uşaq folkloru” adlı dərs vəsaitləri çapdan çıxıb.

Seçilən
0
4
xalqqazeti.az

5Mənbələr