Azərbaycanda bayram və qeyri-iş günlərinin iqtisadi fəaliyyətə və Ümumi Daxili Məhsula (ÜDM) təsiri ilə bağlı fikirlər müxtəlifdir.
Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlamasında bu məsələyə münasibət bildirib. QHT sədrinin sözlərinə görə, qeyri-iş günləri bütün dünya praktikasında mövcuddur və bu, insanların istirahət hüququnun təmin edilməsi baxımından vacib sosial imtiyazlardan biridir:
“Vətəndaşlar yalnız işləmək üçün deyil, həm də istirahət etmək, ailələri ilə vaxt keçirmək, səfərlər etmək və mənəvi-psixoloji rahatlıq tapmaq üçün müəyyən günlərə ehtiyac duyurlar. Əmək münasibətləri və istehsal prosesləri insanların çalışması nəticəsində formalaşır. Bu baxımdan, iş günlərinin sayının azalması istehsal həcminin də azalmasına səbəb ola bilər. İstehsalın azalması isə bazar münasibətlərinə təsir göstərərək ÜDM-in (Ümumi Daxili Məhsul) müəyyən qədər azalmasına gətirib çıxara bilər. Lakin bu təsir elə də ciddi rəqəmlərlə ifadə edilmir və ölkə iqtisadiyyatının çökməsinə səbəb olacaq risk daşımır".
İlqar Hüseynlinin fikrincə, qeyri-iş günlərinin mənfi təsirlərini azaltmaq üçün iş proseslərinin daha effektiv idarə edilməsi və strateji planlaşdırma vacibdir:
"Bütün sahələrdə bu tendensiya eyni şəkildə müşahidə olunmur. İstirahət günlərində əsasən dövlət sektorunda çalışan insanlar fəaliyyət göstərmir. Müəllimlər, həkimlər, dövlət qulluqçuları və hərbçilər istehsal prosesində böyük paya malik deyillər, çünki onların işi əsasən xidmət sahəsi ilə bağlıdır. Digər tərəfdən, istehsalın davam etməsi vacib olan sahələrdə – məsələn, neft sektoru və iri zavodlarda növbəli iş sistemi tətbiq edilir ki, bu da istehsal proseslərinin dayanmasının qarşısını alır".
Pərvanə Fərhadqızı
QHT.az