Şimali Makedoniyanı təkcə qazla yox, gələcəkdə yaşıl enerji ilə də təmin edəcəyik
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova martın 10-da Azərbaycana gəlib. Martın 11-də Prezident İlham Əliyevin Qordana Silyanovska-Davkova ilə təkbətək görüşü olub. Azərbaycan və Şimali Makedoniya arasında diplomatik əlaqələr 1995-ci ildə qurulub.
Hazırda iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq genişlənir. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri eyni zamanda Şimali Makedoniyaya təyin olunub. İki ölkə arasında müqavilə-hüquq bazası da inkişaf etdirilir və indiyədək 5 sənəd imzalanıb. Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri diqqət çəkir. İki ölkə arasında münasibətlərin tarixi qədim olmasa da, son illərdə ortaq maraqların formalaşdığını demək olar. Xüsusilə Azərbaycanın Avropa enerji bazarında çəkisinin artması, keyfiyyətli, ucuz qaz nəql etməsi və meqalayihələr icra etməsi Şimali Makedoniyanın ölkəmizə marağını artırıb.
Martın 11-də Prezident İlham Əliyev və Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış edərkən bu məsələyə toxunub. Ölkə başçısı deyib ki, “Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir”. Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb.

Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. 2027-ci ilin sonunadək isə bu həcmin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Azərbaycan qazı 2024-cü ilin sonlarından Şimali Makedoniyanın bazarına çatdırılır. Bu il enerji əməkdaşlığının daha da dərinləşməsi hədəflənir. Hazırda Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Şimali Makedoniya və Yunanıstana qaz nəqlinin artırılması, habelə Serbiyaya “mavi yanacaq” təchizatını təmin etmək üçün işlər görülür. Energetika sahəsində əməkdaşlıq iki ölkə arasında əlaqələrin əsas istiqamətlərindən biridir. Artıq Azərbaycan təbii qazını Şimali Makedoniyanın bazarına çatdırıb və bu, iki ölkə arasında enerji əməkdaşlığının əhəmiyyətli bir mərhələsidir. Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsinin imzalanması dövlətimizin Avropa üçün enerji təhlükəsizliyinin təmin edilməsində rolunu bir daha təsdiqləyir. Cənab İlham Əliyev bildirib ki, Azərbaycan Avropadakı tərəfdaşlarının ehtiyaclarına hər zaman diqqətlə yanaşır. Energetika sahəsində əməkdaşlıq digər sahələrdə də əməkdaşlığın genişlənməsinə şərait yaradır. Xalqlar arasında humanitar əməkdaşlıq da iki ölkə arasında əlaqələrin mühüm istiqamətlərindən biridir. Dövlətimizin başçısı mətbuata verdiyi bəyanatda qeyd edib: “Mən xatırlayıram ki, keçən səfəriniz çərçivəsində Siz Azərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm, sabahkı proqramınızda da buna oxşar tədbirlər var. Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq. Şadam ki, Siz, eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib. Əlbəttə ki, Sizin dəyərli fikirləriniz, tövsiyələriniz hamı üçün maraqlı olacaq. Siz bizim tələbələrimizlə də görüşəcəksiniz. Buna görə də Sizə təşəkkürümü bildirirəm...”.
İqtisadi əməkdaşlıq sahəsində Azərbaycanda Şimali Makedoniya investisiyalı 5 kommersiya qurumu fəaliyyət göstərir. İki ölkə arasında “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Saziş imzalanmışdır ki, bu sənəd iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün əsas yaradır.
Millət vəkili Sahib Alıyev "Sherg.az"a deyib ki, Azərbaycan və Şimali Makedoniya prezidentlərinin mətbuata birgə bəyanatları iki reallığı üzə çıxarıb. Deputatın sözlərinə görə, Fransa və Azərbaycandan qaz almayan digər böyük dövlətlərin təsiri altında qitənin enerji təhlükəsizliyinin təminində oynadığımız mühüm rol etiraf olunmasa da, Azərbaycan de-fakto panavropa qaz təhcizatçısıdır:
"Bu sahədə əməkdaşlıq qurduğumuz ölkələrin sayı artmaqdadır. Ötən ilin sonlarından həmin ölkələrdən 10-cusu olan Şimali Makedoniya bundan çox məmnundur. Görünür, Şimali Makedoniyanı təkcə qazla yox, gələcəkdə yaşıl enerji ilə də təmin edəcəyik. Eyni zamanda bu, ölkə iqtisadiyyatına investisiya qoymamızda da maraqlıdır. Yaşıl enerji prosesinin tezləşməsində Avropa Birliyinin “Xəzər-Qara Dəniz Yaşıl Enerji Dəhlizi” layihəsinə Ortaq Maraqlar Layihəsi (PMI) statusunu verməsi mühüm rol oynayardı. Ümid etmək istərdim ki, "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə martın 10-da Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Dan Yorqensenə göndərilən məktub müsbət cavablandırılacaq. İnvestisiyaya gəldikdə, ümumiyyətlə, Azərbaycanın bizim üçün əlverişli şərtlər təqdim edən və orada mövqelərimizin möhkəmlənməsini önəmli saydığımız regionlara sərmayə qoymağa üstünlük verməyə başladığını görürük. Onlardan biri də yaxın perspektivdə həm də strateji tərəfdaşımız olacağı gözlənilən Şimali Makedoniyanın yerləşdiyi Balkanlardır".
Millət vəkili Vüqar Bayramov da "Şərq"ə bildirib ki, Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri ölkələr arasındakı münasibətlərin daha da dərinləşməsinə töhfə verəcək. Deputatın sözlərinə görə, artıq ölkələr arasında energetika sahəsində əməkdaşlığa başlayıb:
"Azərbaycan qazı 2024-cü ilin sonlarında Şimali Makedoniyanın bazarına çatdırılmışdı və bu il enerji əməkdaşlığı daha da dərinləşəcək. İki ölkə arasındakı münasibətlərin son illər daha da inkişaf etməsi müşahidə olunur. Şimali Makedoniya Azərbaycan ilə enerji əməkdaşlığını daha da genişləndirmək istəyən Avropa ölkələrindədir. Azərbaycanın isə tərəfdaş ölkələrə daha çox qaz ixrac etmək imkanları var. Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. Ötən il ölkəmizdə 50,3 milyard kubmetr təbii qaz hasil edilib. 2023-cü il ilə müqayisədə hasilat 2 milyard kubmetr artıb. Qeyd edək ki, 2024-cü ildə Azərbaycan tarixində ilk dəfə olaraq mavi qaz hasilatı illik 50 milyard kubmetrdən çox olub. Bu isə ölkəmiz üçün daha çox ixrac imkanları deməkdir. Hazırda Azərbaycan regionun 12 ölkəsinə mavi qaz nəql edir. Mavi qaz ixracatı dövlət gəlirlərini artırmaqla yanaşı, ölkəmizin geosiyasi mövqeyini daha da möhkəmləndirərək regionun enerji təhlükəsizliyinin güclənməsində Azərbaycanın rolunu gücləndirir. Bu, Şimali Makedoniya daxil olmaqla tərəfdaş ölkələr ilə yeni əməkdaşlıq imkanları deməkdir".