AZ

Səkkiz aydır kosmosda çarəsiz qalan astronavtların bəxti yenə gətirmədi

"SpaceX" kosmosa buraxılışına bir saatdan az qalmış "Crew Dragon" gəmisinin startını ləğv edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə kosmik korporasiyanın "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

"Beynəlxalq Kosmik Stansiyaya (BKS) "Crew-10" missiyasının bu gecə buraxılışı ləğv edilib", - deyə məlumatda qeyd olunub.

"Crew Dragon" gəmisi ilə "Falcon 9" daşıyıcı raketinin buraxılışı ABŞ-nin Şərq sahili vaxtı ilə saat 19:48-də (Bakı vaxtı ilə 3:48-də) baş tutmalı idi.

Agentliyin saytında dərc edilən bəyanatda qeyd olunub ki, təxirəsalmaya səbəb raketin yerüstü dəstək sıxacı qolunun hidravlik sistemində yaranan problem olub. NASA-dan isə bildirilib ki, missiya rəhbərləri "Dragon"un uçuş trayektoriyasında proqnozlaşdırılan güclü külək və yağıntı səbəbindən cümə axşamı, martın 13-də buraxılış cəhdini ləğv etmək qərarına gəliblər.

"Buraxılış cümə günü, martın 14-də saat 19:03-dən tez olmayaraq (Bakı vaxtı ilə martın 15-də saat 3:03-də) baş tutmalıdır", - deyə kosmik agentliyin bəyanatında vurğulanıb.

Qeyd edək ki, gəminin dörd ekipajı - Enn Makleyn, Nikol Ayers, Takuya Onişi və Kirill Peskov mikroqravitasiya laboratoriyasında tədqiqatlar, texnologiya nümayişləri və texniki xidmət işləri aparmaq üçün BKS-yə çatdırılacaqlar. Bundan sonra BKS-dəki astronavtlar Nik Heyq, Aleksandr Qorbunov, həmçinin səkkizgünlük səfərə getsələr də, səkkiz ay stansiyada qalmaq məcburiyyətində olan Sunita Uilyams və Butç Uilmordan ibarət "Crew-9" missiyası Yerə qayıdacaq.

Xatırladaq ki, astronavtlar Butç Uilmor və Sunita Uilyams 2024-cü il iyunun 5-də "Boeing Starliner" gəmisi ilə orbitə yollanıblar. İlkin olaraq onların BKS-də səkkiz gün qalması və iyunun 14-də qayıtması planlaşdırılırdı. Sonradan birləşmə zamanı mühərrikin sıradan çıxması ilə əlaqədar gəmidə nasazlıq yaranıb və onların qayıdış müddəti əvvəlcə iyunun 26-na, daha sonra qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Bir müddət əvvəl isə Sunita Uilyams və Butç Uilmorun səhhətində problemlər yaranmışdı.

Mənbə: oxu.az

Seçilən
2
2
oxu.az

3Mənbələr