AZ

ADY rəsmisi: Dəmir yollarında yol həmişə qatarındır

ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev bəzi medialarda oxunma xatirinə yazılan başlıqlara irad bildirib.

"Təəssüf ki, qatarın qarşısına qəfil insan çıxması bəzən və ya bir çox hallarda faciə ilə nəticələnir. Lakin bunu "Qatarın altında qalaraq öldü", "Qatar adamı vurub öldürdü" kimi başlıqlarla təqdim etmək, əslində, doğru deyil. Birincisi, ona görə ki, qatarın öz yolu var, öz yolu ilə gedir, başqa yolu yoxdur. Dəmir yollarında yol həmişə qatarındır".

Operativ Media xəbər verir ki, bunu ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev öz sosial şəbəkə hesabında bildirib.

O bildirib ki, buna görə də hətta dəmiryol keçidlərinə yaxınlaşarkən son dərəcə diqqətli olmaq, mütləq gözləmək, yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkətə davam etmək lazımdır:

"NK-nın təsdiq etdiyi “Dəmiryol keçidlərinin istismarı qaydaları”nda və "Yol hərəkəti haqqında" qanunda da göstərilir ki, dəmiryol keçidlərindən istifadə edən bütün nəqliyyat vasitələrinin sürücüləri, həmçinin piyadalar yalnız qatara yol verməklə dəmiryol keçidlərindən keçə bilərlər.

Keçidin bir qədər uzaqda olmasını əsas gətirmək və dəmir yollarını haradan gəldi, necə gəldi keçmək doğru deyil. Axı məsafəni qısaltmaq əvəzinə ömrümüzü qısalda bilərik.

İkincisi, nəzərə almaq lazımdır ki, maşinistin manevr etmək, qatarı avtomobil kimi sağa-sola çəkmək, qəfil dayandırmaq kimi imkanı yoxdur. Maşinist rels üzərində hər hansı maneəni gördükdə təcili tormozlama aparsa da, 1 kilometrə qədər tormoz yolu getdikdən sonra qatarı tam dayandıra bilir.

Belə hadisə nəticəsində qatarın qrafikdən kənara çıxmasını, gecikməsini bir kənara qoyuram, qəfil tormozlama sərnişinlərin də həyatına töhlükə törədə bilər. Bir də maşinistin necə stress yaşadığını, hansı vəziyyətdə olduğunu düşünək.

Onu da deməliyəm ki, özünü qatarın altına atma, başqa sözlə, intihar halları da olur.

Ona görə də bu hadisələrlə bağlı məlumat yazanda "Qatarın qarşısına qəfil insan çıxdı" kimi başlıqlara üstünlük veririk və açığını deyim ki, "Qatarın altında qalaraq öldü" kimi başlıqları etik hesab etmirik.

Hörmətli həmkarlar, başa düşürəm ki, başlığın cəlbedici olması, xəbərin daha çox oxunması hər birimizin marağındadır. Amma mənə elə gəlir ki, bu məsələyə həssas yanaşmaq olar".

Seçilən
9
operativmedia.az

1Mənbələr