Özbəkistan, Qırğızıstan və Tacikistan prezidentləri Şavkat Mirziyoyev, Sadır Japarov və Emoməli Rəhmon Tacikistanın Xücənd şəhərində keçiriləcək görüşdə Novruzu birlikdə qeyd edəcəklər.
“Report” Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bunu S.Japarov bildirib.
Onun sözlərinə görə, bayramın birgə qeyd edilməsi Mərkəzi Asiya xalqlarının birliyini və sülhü simvolizə edən xoş ənənəyə çevriləcək.
"Bizim ümumi vəzifəmiz xalqlarımız arasında etimadı gücləndirməkdir. Bu istiqamətdə mühüm addım sərhədyanı rayonlar arasında əməkdaşlığın gücləndirilməsidir. Birgə mədəni tədbirlər burada xüsusi rol oynayır. Bu kontekstdə martın 31-də Xücənddə Novruz bayramının qeyd edilməsinin əhəmiyyətini vurğulamaq istəyirəm. Dəvətə görə təşəkkürümü bildirir və iştirakımı təsdiqləyirəm", - S.Japarov bildirib.