Hazırda 15-ə yaxın ölkə atəşkəs dövründə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin edilməsində iştirak etməyə hazırdır. Bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu Parisdə Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransanın müdafiə nazirlikləri rəhbərlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
O bildirib ki, Ukrayna üçün hansı təhlükəsizlik təminatlarının ola biləcəyini müzakirə etdikləri ilk görüşün nəticələrinə yekun vurulub. Onun sözlərinə görə, geniş konsensus yaranır və qərargah rəisləri uzunmüddətli sülh üçün təhlükəsizlik arxitekturası və ya qısa və orta müddətli perspektivdə siyasi liderlərə təqdim olunacaq atəşkəs variantları hazırlamağa başlayıblar.
"Hazırda 15-ə yaxın dövlət bu prosesi davam etdirməkdə maraqlıdır", - Lekornu vurğulayıb.
Bir gün əvvəl Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Görüşdən sonra Kiyev Moskvanın analoji addım atmağa hazır olacağı təqdirdə 30 günlük atəşkəsə razılaşıb. Vaşinqton da öz növbəsində Ukraynaya yardımı dərhal bərpa etdiyini açıqlayıb. Tərəflər mineral ehtiyatlar üzrə də razılığa gəliblər. ABŞ prezidentinin yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinə zəng edəcəyi gözlənilir.
Əzız Mustafa, Oxuməni.az