Azərbaycan və Şimali Makedoniya arasındakı rəsmi əlaqələr son illərdə diqqətəlayiq şəkildə inkişaf edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Şimali Makedoniya Prezidentinin rəsmi səfərləri, iki ölkə arasında müxtəlif sahələrdəki əməkdaşlığın daha da genişlənməsi üçün yeni imkanlar açıb.
Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik əlaqələr 1995-ci ilin iyununda qurulub. Azərbaycan digər Balkan dövlətləri kimi Şimali Makedoniya ilə münasibətlərin inkişafına ciddi önəm verir. Eyni zamanda ölkələrimiz arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir. Azərbaycan – Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir ki, bu da əməkdaşlığın dərinləşməsi üçün olduqca səmərəlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ikitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparılır və ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır.
Ölkə Prezidenti cənab İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatında vurğuladığı kimi, siyasi dialoq artıq dinamik xarakter almasına baxmayaraq daha böyük irəliləyişlər üçün hələ də bir sıra çətinliklər mövcuddur.
Məsələn, iki ölkə arasında ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Bununla paralel olaraq dövlətimizin başçısının vurğuladığı kimi, siyasi əlaqələrin inkişafı üçün əlavə tədbirlər görülməli, müvafiq dövlət qurumları isə təbii olaraq sıx təmasda olmalıdırlar.
Bütün bunlara baxmayaraq, son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verib, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Mətbuata verdiyi bəyanatı zamanı Ölkə başçısı cənab İlham Əliyev bu məqama toxunaraq bildirmişdir: “Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq”.
Ümumiyyətlə, Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri mühüm məqamlarla yadda qaldı. Bu səfər bir daha təsdiq etdi ki, Azərbaycan həm iqtisadi imkanlarına, həm də beynəlxalq düzəndə yürütdüyü siyasətə görə etibarlı ölkədir. Bu etimadı Ölkə Prezidenti cənab İlham Əliyevin bütün məsələlərdə beynəlxalq hüquqa və sülhə yönəlik dəyişməz siyasəti ilə qazanıb. Prezident Qordana Silyanovska-Davkovanın qeyd etdiyi kimi, Azərbaycan həm geosiyasi səhnədə səmərəli fəaliyyəti ilə seçilərək diqqət çəkir, həm də Şimali Makedoniya kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından son dərəcə maraqlı tərəfdaşa çevrilir.
Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycan dünən olduğu kimi, bu gün də beynəlxalq aləmdə etibarlı tərəfdaşlığını daha da möhkəmlətmək üçün ayrı-ayrı dövlətlərlə münasibətlərin dinamik inkişafına xüsusi əhəmiyyət verir.
Ümid MEHDİYEV,
ADPU-nun rektor müşaviri