Bakı, 13 mart, AZƏRTAC
“Qafqaz Albaniyasının etnomədəni irsi” məqalələr toplusunun növbəti sayı nəşr olunub. Toplu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), AMEA-nın Tarix və Etnologiya İnstitutu və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI beynəlxalq konfransın materiallarını əhatə edir.
BBMM-in Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nəşrə Qafqaz Albaniyasının tarixi, arxeoloji, etnoloji, etnoqrafik, memarlıq, mənbəşünaslıq, epiqrafika, linqvistika və numizmatika sahələrində bir sıra problemli məsələlərin araşdırıldığı məqalələr daxil edilib. Məqalələr Türkiyə, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan olan albanşünas mütəxəssislər tərəfindən hazırlanıb.
“Qafqaz Albaniyasının etnomədəni irsi” adlı yeni buraxılışın ön sözünün müəllifi və baş redaktoru BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, elmi redaktorları AMEA-nın A.A.Bakıxanov adına Tarix və Enologiya İnstitutunun baş direktoru professor Kərim Şükürov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri professor Nəcəf Müseyibli, institutun aparıcı elmi işçisi Ülviyyə Hacıyeva, layihəyə məsul BBMM-in icraçı direktoru Rəvan Həsənovdur.
Qeyd edək ki, Mərkəz Azərbaycan Qafqaz Albaniyasının tarixi və etnik-mədəni irsinin sistemli tədqiqi üzrə dünyada əsas tədqiqat mərkəzi rolunu oynayır. Qafqaz Albaniyası min ilə yaxın müddətdə regionun həyatında mühüm yer tutaraq, özündən sonra böyük tarixi irs qoyub. Həmin irsin hərtərəfli tədqiqi nəticəsində albanşünaslıq elm sahəsi yaranıb ki, bu gün də inkişaf edir. Azərbaycan Respublikası zəngin alban etnomədəni irsinin, Qafqaz Albaniyasının antik və erkən orta əsrlərə aid mədəniyyətinin, bu ərazidə sonrakı əsrlərdə yaşamış etnoslar tərəfindən yaradılan bütün tarixi və dini irsin birbaşa tarixi varisi, qoruyucusudur. Albanşünaslığın tarix, arxeologiya, antropologiya, etnologiya, dilçilik, memarlıq və incəsənət sahələrində vacib problemlərinin araşdırılması, alban etnomədəni irsinin saxlanılması və müdafiə edilməsi ölkəmizin multikulturalizm siyasətinin vacib istiqamətlərindən biridir.