“Volkswagen” avtomobil istehsalçısı hərbi nəqliyyat avadanlığının istehsalına başlamaq imkanlarını nəzərdən keçirməyə hazırdır. Oxuməni.az xəbər verir ki, bu barədə “ZDF” telekanalına konsernin baş direktoru Oliver Blume bildirib.
Bundan əvvəl Blume “Volkswagen”-in Volfsburqdakı baş qərargahında çıxış edərək bildirmişdi ki, konserni Drezden və Osnabrükdəki müəssisələrin gələcəyi ilə bağlı qərarlar qəbul edərkən geniş spektrli tədbirləri nəzərdən keçirmək istəyir.
"Prinsipcə, biz belə mövzulara açığıq," - Blume “ZDF”-yə hərbi təyinatlı avtomobillərin istehsalına başlamaq imkanından danışarkən bildirib.
Eyni zamanda, o, hazırda hərbi sənaye kompleksinin nümayəndələri ilə hər hansı dərin danışıqlar aparılmadığını vurğulayıb.
Keçən il “Volkswagen” avtomobil istehsalçısında istehsalın və işçilərin sayının azaldılması planları məlum oldu. Bu planlar çoxsaylı tətillərə səbəb oldu və nəticədə konserni həmkarlar ittifaqları ilə razılığa gəlməyə məcbur etdi, buna görə şirkət işçilərini ixtisar etməyəcəyini və ya müəssisələri bağlamayacağını vəd etdi.
Almaz Həsənli