AZ

Gələn həftə əfv ola bilər - siyahıdan gözləntilər

Hüquq müdafiəçiləri geniş siyahı təqdim edib, komissiya isə işini mayda başa vuracaq...

Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. Müasir dövlətçilik tariximiz üçün çox mühüm məna kəsb edən “Konstitusiya və Suverenlik İli” münasibətilə Azərbaycanda əfv gözlənilir. Bu il başlayandan Prezident yanında Əfv Məsələləri Komissiyası iclaslar keçirir, müraciətləri araşdırır.

Belə gözləntilər var ki, Novruz baramı ərəfəsində əfv verilə bilər. Komissiyanın üzvü Rəşad Məcid məlumat verib ki, yüzlərlə müraciətə baxılıb. Komissiyanın tez-tez toplaşmasından belə ehtimal edilir ki, gələn həftə əfv veriləcək. Hazırda həbsdə olanlar sırasında siyasi fəallar, jurnalistlər də var. Yerli hüquq müdafiəçiləri təqdim etdikləri siyahılarda onların da adlarını qeyd edirlər. Bu baxımdan gələn həftə gözlənilən əfv siyahısında tanınmışlardan kimlərin adlarını görmək mümkün olacaq?Komissiya üzvü Rəşad Məcid “Yeni Müsavat”a dedi ki, Novruz bayramına qədər Əfv Məsələləri Komissiyası öz işini yekunlaşdıra bilməyəcək: “Hələ çox güman ki, aprel ayında da Əfv Məsələləri Komissiyasının iclasları davam edəcək və yəqin ki, sənədlər mayın əvvəlinə qədər yekunlaşdırılıb Prezidentə təqdim olunacaq”.

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır - AZƏRTAC

 Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, hər il olduğu kimi, Prezident tərəfindən humanizmin təntənəsi olan əfv sərəncamı imzalanır: “Ümid edirik ki, yaxın günlərdə növbəti əfv sərəncamının şahidi olacağıq. Bu il doğrudan da xüsusi və müstəsna bir ildir - Konstitusiya və Suverenlik ilidir. Hesab edirəm ki, suverenliyimizin bərqərar olunmasından sonra ölkədə bir neçə seçki keçirildi: prezident, parlament və bələdiyyə seçkiləri. Bu da suverenlikdən sonra keçirilən ilk seçkilər idi. O ki qaldı əfvlə bağlı məsələyə, Prezident hər il olduğu kimi, bu il də əfv sərəncamı imzalayacaq. Hazırda Əfv Komissiyasının ardıcıl olaraq toplanması, məndə olan məlumata görə, 500-dən artıq müraciətə baxılması, yüzlərlə müraciətlərin nəzərdən keçirilməsi onu deməyə əsas verir ki, yaxın vaxtlarda əfv sərəncamı imzalanacaq. Ümid edirəm ki, budəfəki əfv sərəncamı da əvvəlkilər kimi yüzlərlə insana şamil ediləcək. Bu yüzlərlə insanın yaxınlarını, qohumlarını, ailə üzvlərini, dostlarını da bu sevincə şərik etsək, belə demək olar ki, yaxın günlərdə minlərlə Azərbaycan vətəndaşı Prezidentin humanist aktı olan əfv sərəncamı ilə sevinmiş olacaq”.Ç.Qənizadə vurğuladı ki, hüquq müdafiəçiləri də əfv məsələləri sektoru ilə mütəmadi işləyir, siyahılar göndərir: “Siyahıda kimlərin adının olub-olmaması barədə öncədən bir söz deyə bilmərik. Çünki bu, Prezidentin müstəsna hüququdur.

Biz ad çəkmədən öz işimizdəyik və siyahılarımızı göndərmişik. Ümid edirəm ki, hər zaman olduğu kimi, bizim də təqdim etdiyimiz siyahılar ətrafında Əfv Komissiyası müsbət qərara gələcək".

Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir

Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da söylədi ki, həmkarları birgə siyahı hazırlayıb və onu Əfv Komissiyasına təqdim edib: “Burada jurnalistlərin, blogerlərin adları var. Biz bundan öncə çox adamla, daxili işlər naziri Vilayət Eyvazovla, Ombudsmanla görüşüb bu şəxslərin əfv olunması ilə bağlı istəyimizi bildirmişik. Bizim siyahıda həbs olunan bütün tanınmış şəxslərin adı var. Onlardan biri də Əvəz Zeynallıdır. Siyahımız çox genişdir”.Qeyd edək ki, Azərbaycan Prezidenti konstitusiya ilə ona verilmiş hüquqlara görə müxtəlif məhbusların azad olunması barədə əfv sərəncamı imzalayır. O, bunu adətən bayram ərəfələrində edir. Əfvin kimlərə şamil olunması barədə tövsiyəni Prezident yanında Əfv Komissiyası verir. Geniş məhbus sayını əhatə edən sərəncamlar adətən Novruz və ya 28 May Müstəqillik Günü kimi önəmli bayramlar ərəfəsində verilir. Əfv haqqında ərizə Prezident Administrasiyasına (PA) göndərilir.

Seçilən
3
hurriyyet.az

1Mənbələr