Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
Modern.az xəbər verir ki, Boyat kəndində şəhidlərin xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.
İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Boyat və Aşağı Qaramanlı kənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Boyat və Qədimkənd kəndləri haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Çıxışçılar "Novruz mənəvi, əxlaqi dəyərlərimizin aynasıdır" mövzusunda iştirakçılara məlumat verib, Azərbaycan azad, müstəqil dövlətə çevrildikdən sonra xalqımızın bu və ya digər dəyərlərinə xüsusi olaraq diqqət yetirilməyə başlanılması, xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyevin milli dəyərlərimizin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Azərbaycanın milli dəyərlərinə maraq və məhəbbət hissini daha da artırması, Ulu Öndər Heydər Əliyevin xalqımız qədim adət-ənənələrinə qarşı diqqəti haqqında danışıblar.
Neftçala RİH-in başçısı Mirhəsən Seyidov çıxış edərək bildirib ki, SSR-i dönəmində bu bayramın qadağan olunması, lakin Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışıyla Novruz bayramı yenidən Odlar Yurdu Azərbaycanımızda böyük coşqu ilə qeyd olunmağa başladı. Novruz bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev çıxışlarında belə söyləyirdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev hər zaman bu adət-ənənələrin davam etdirilməsinə xüsusi diqqət və qayğı göstərib. Bu gün bayram tonqalı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, ordumuzun gücü hesabına düşmən işğalından azad etdiyimiz torpaqlarımızda yandırılır.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar, kənd ərasizisində elektrik təsərrüfatının yenilənməsini, örüş torpaq sahəsinin ayrılması, xəstəliyi ilə əlaqədar köməklik, Neftçala-Salyan magistral avtomobil yolunun Qədimkənd kəndindən keçən hissəsində sürət ölçən cihazların quraşdırılması, kənddaxili yolların təmiri, kənd ərazisindəki uşaq evi- körpələr bağçasında istilik sisteminin yaradılması, Mil-Muğan kollektoru üzərində keçən körpünün təmiri və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" //rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.