AZ

Azərbaycan üçün bir təhlükə görünür - ŞƏRH

O da Rusiya-Ukrayna müharibəsinin bitməsi fonunda Rusiya-Ermənistan yaxınlaşması ola bilər

“Ancaq Paşinyan hakimiyyəti başa düşür ki, Azərbaycana qarşı atılan hər hansı addım Ermənistanın məhvinə gətirib çıxara bilər. Çünki Azərbaycanın da Türkiyə kimi müttəfiqi var”

Ermənistan son iki ildə hərbi satınalmalarını kəskin şəkildə artıraraq, Fransa və Hindistandan silah əldə edilməsinə milyardlarla dollar xərcləyib. Xüsusilə də ötən ilin payızında məlum olub ki, Hindistan özünün "Akaş" zenit-raket komplekslərinin ilk batareyasını Ermənistana göndərir. "New Indian Express" nəşri "Bharat Electronics Limited" şirkətinə istinadən xatırladıb ki, 2022-ci ildə Ermənistan Hindistanla təxminən 60 milyard rupi (710 milyon dollar) dəyərində 15 "Akaş" raket sisteminin alınmasına dair müqavilə imzalayıb və bu raket sistemini alan ilk xarici ölkə olub. Eyni zamanda vurğulanıb ki, "Akaş" sistemi "yer-hava" tipli raketdir və 25 km-ə qədər məsafədə döyüş təyyarələrini, qanadlı raketləri, "hava-yer" tipli raketləri, pilotsuz təyyarələri və digər hava vasitələrini vurmaq qabiliyyətinə malikdir. Paris isə regionda öz maraqlarını genişləndirərək Ermənistanı hava hücumundan müdafiə vasitələri, artilleriya və zirehli texnika ilə aktiv şəkildə təmin edir. Ermənistana Fransanın müasir "Caesar 155" mm-lik özüyeriyən artilleriya qurğuları və onların tərkib hissələri, eləcə də tank əleyhinə raket kompleksləri və "hava-hava" tipli raketləri çatdırılıb. Bundan başqa, onlarla "R511" və "R530" "hava-hava" tipli raketlər, 30 ədəd ERYX tank əleyhinə raketlər, Almaniya istehsalı olan onlarla DM32 qumbaraatanlar, o cümlədən "Panserfaust 3" tank əleyhinə sistemlər Ermənistan ordusunun sərəncamına daxil olub. Bundan əlavə, Ermənistan silahlı qüvvələrinə Fransa istehsalı olan 500-ə yaxın "Apilas" birdəfəlik əl reaktiv qumbarası və ABŞ-yə məxsus 50 ədəd "BGM71-TOW" tank əleyhinə raket kompleksləri verilib.

"Alyans" Srateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov "Sherg.az"a deyib ki, Ermənistan Hindistandan aldığı silahlar hesabına öz hərbi potensialını gücləndirmək iqtidarında olduğunu göstərməyə çalışır. Siyasi şərhçinin sözlərinə görə, Paşinyanın açıqlaması daha çox daxili auditoriyaya hesablanıb: 

"Eyni zamanda müəyyən siyasi qüvvələrin revanş barədə verdiyi bəyanatlar da daxili ictimaiyyətə hesablanıb və daxili siyasi mübarizəyə xidmət edir. Aydındır ki, nə Hindistandan alınan dördüncü, beşinci dərəcəli, keyfiyyətsiz silahlar Ermənistan ordusunu çox gücləndirə bilər, nə də revanşist bəyanatlar Ermənistan dövlətinin gücünü, potensialını artıra bilər. Hakimiyyət isə təşviş içindədir. Çünki ABŞ-nin sabiq Prezidenti C.Baydenin hakimiyyətin son günlərində imzalanmış tərəfdaşlıq sənədi tam əhəmiyyətsiz kağız parçası halına gəlib. Nikol Paşinyanın ABŞ-yə sonuncu səfəri də göstərdi ki, Ermənistan dünyanın super dövləti üçün heç bir əhəmiyyət daşımır. Üstəlik, ABŞ-nin Ukraynaya münasibəti Ermənistanı da düşünməyə və çox ciddi narahatlığa sövq edir. Keçmiş ittifaq respublikaları içərisində Qərbə meyillənən Gürcüstan artıq bu xətdən imtina edib və açıq şəkildə Rusiyaya meyillənir. Ukrayna dünənədək ABŞ-nin və Böyük Britaniyanın bütün göstərişlərini düşünmədən yerinə yetirirdi. İndi isə çox ağır vəziyyətə düşüb. ABŞ Prezidenti D.Trampa Rusiya rəhbəri V.Putin daha yaxındır, nəinki Ukrayna dövlət başçısı V.Zelenski. Paşinyan da düşünmək, götür-qoy etmək məcburiyyətindədir. Zelenskinin taleyi onu da gözləyir".

Analitik vurğulayıb ki, Rusiyanın Ermənistana qarşı aktiv addımlar atmağa başlayacağı təqdirdə Trampın hansı mövqe tutacağı indiki davranışından görünür: 

"Tramp Rusiyaya qarşı cəbhə açmaq fikrində deyil. Əksinə, Rusiya ilə birləşib dünyanın sərvətlərini, ölkələrin iqtisadi potensialını daha çox istismar etmək arzusundadır. Hər məsələ iqtisadiyyata tabedir. Bu baxımdan Ermənistan ABŞ üçün heç bir dəyər ifadə etmir. Belə vəziyyətdə Ermənistanın bütün cəhdləri bir məqsədə yönəlib. Dünya birliyini inandırmağa çalışır ki, Azərbaycan Ermənistana qarşı zor tətbiq edə bilər. Guya Avropa İttifaqının "müşahidə missiyası" və Ermənistanın silahlanması bu məqsədə xidmət edir. Ermənistanda nəzarətdən çıxmış ayrı-ayrı adamlar, yaxud xarici dövlətlərə qulluq edən şəxslər təxribatlar törədə bilərlər. Ancaq Paşinyan hakimiyyəti başa düşür ki, Azərbaycana qarşı atılan hər hansı addım Ermənistanın məhvinə gətirib çıxara bilər. O səbəbdən Ermənistanın silahlanmasını, Aİ-nin "müşahidə missiyası"nın artırılmasını, revanş bəyanatları ciddi hadisə saymıram. Azərbaycan kifayət qədər güclüdür və Türkiyə kimi müttəfiqi var. İndiki şəraitdə bizim üçün ən böyük təhlükə Rusiya-Ukrayna müharibəsinin bitməsi və Rusiya-Ermənistan yaxınlaşması ola bilər. Əlimizdən gələni etməliyik ki, bu, baş verməsin".  

Seçilən
4
sherg.az

1Mənbələr