Biz bir-biri ilə bağlı olan qlobal böhranlar dünyasında yaşayırıq, bunlar birgə həllər tələb edir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.
"Mən Bakıya bir neçə ay öncə COP29-da iştirak etmək üçün gəlmişdim. Qısa bir müddət sonra Azərbaycanın bu cür yaxşı təşkil olunmuş tədbirə ev sahibliyi etdiyinə görə Prezident İlham Əliyevi təbrik edirəm. Bundan əlavə COP29-da əldə edilmiş əhəmiyyətli nəticələrə görə hər birinizi təbrik edirəm. Hamımız bilirik ki, danışıqlar asan deyildi, lakin nəticədə iqlim maliyyəsi ilə bağlı mühüm öhdəliklər qəbul olundu", - o bildirib.
Onun sözlərinə görə, bir çox dövlətlər ümumi problemə birgə həll yolu tapmaq üçün bir araya gəldilər.
"Bu asan deyil, amma buna dəyər. Faktiki olaraq bu yeganə yoldur. Biz elə zamanda yaşayırıq ki, belə razılaşmalar heç zaman olmadığı qədər vacibdir. Biz yalnız milli və ya ikitərəfli əsasda həll olunacaq yalnız milli və ikitərəfli problemlər dünyasında yaşamırıq. Bir biri ilə bağlı olan qlobal böhranlar dünyasında yaşayırıq. Bunlar birgə həllər tələb edirlər. Müharibələr, münaqişələr mövcuddur, virusların yayılması, yoxsulluq, ərzaq çatışmazlığı, bərabərsizlik, iqlim dəyişikliyinin yaratdığı böyük hədələr və problemlər mövcuddur. Bunların hər birinin öhdəsindən gəlmək üçün birhə səylər göstərilməlidir", - o bildirib.