AZ

Azərbaycan minifutbol millisinin baş məşqçisi: Bakıdakı dünya çempionatında final oynamaq istəyirik

Bakı, 13 mart, AZƏRTAC

"Qrupun favoriti Azərbaycan yığmasıdır".

Bu sözləri AZƏRTAC-a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev dünya çempionatının seçmə mərhələsinin püşkatmasının nəticələrini dəyərləndirərkən deyib.

A qrupunda yığmamızın rəqibləri barədə danışan mütəxəssis yalnız Sloveniya seçməsinin oyunlarını izlədiyini bildirib: "Yaxşı komandadır. Heyətində keyfiyyətli futbolçular var. Digər rəqiblərimiz olan Mavritaniya və Bəhreyn barədə informasiyaya sahib deyilik. Bu gün onların keçmiş oyunlarını izləyəcəyik. Azərbaycan Minifutbol Federasiyası qarşımıza dünya çempionatında final oynamaq hədəfi qoyub. Biz də bunun üçün çalışırıq".

Baş məşqçi əvvəlki heyətin 70 faizini qoruyub-saxlayacaqlarını söyləyib: "Yerli çempionatda yaxşı futbolçular var. Onları mövsüm ərzində izləmişik. Əlbəttə ki, gənclərə də şans vermək istəyirik. Ötənilki oyunçulardan tam olaraq razıyıq".

Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək.

Seçilən
2
azertag.az

1Mənbələr