"Albaniya ilə Azərbaycan arasındakı dostluq uzunmüddətli qarşılıqlı əməkdaşlıqda öz əksini tapır".
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Albaniya Respublikasının Prezidenti Bayram Beqay XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib.
O qeyd edib ki, əməkdaşlıqda iqtisadiyyat və infrastruktur layihələrini xüsusi vurğulamaq lazımdır: "Biz Azərbaycan və Albaniya arasındakı əməkdaşlığa və onun inkişafına sadiqik. Bu, bizim xalqların marağına cavab verir".
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.