“Yaxın qohumlar arasında nikahlarının qadağan olunması insan hüquqlarının pozulması kimi dəyərləndirilmir. Çünki bu növ qadağalar elmi, tibbi və sosial əsaslara söykənir”.
Bunu “Yeni Sabah”a Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Azər Allahverənov deyib.
Xatırladaq ki, yaxın qohumlar arasında nikahların ləğv edilməsinin parlamentdə müzakirəsi zamanı zamanı yalnız bir deputat Rəşad Mahmudov bildirib ki, bu cür evlilikləri qadağa etmək beynəlxalq hüquq səviyyəsində suallar və problenlər yarada bilər".
Öz növbəsində, Azər Allahverənov qeyd edib ki, yaxın qohumlar arasında nikahların ləğv edilməsi gələcək nəsillərin sağlamlığının qorunması baxımından olduqca vacib addımdır:
“Yaxın qohumlar arasında baş tutan nikahlarının qadağan olunması insan hüquqlarının pozulması kimi dəyərləndirilmir. Çünki bu növ qadağalar elmi, tibbi və sosial əsaslara söykənir. Bu əsaslar bilavasitə insanların sağlamlığının qorunması və sosial rifahının yaxşılaşdırılmasına hədəflənib. Çünki irsi xəstəliklər, genetik qüsurlar və s. halların büruzə verməsi riski kifayət qədər yüksəkdir. Yəni yaxın qohumu ilə nikaha girən şəxs artıq risk altına düşür.
Əlbəttə, bu o demək deyil ki, hər bir şəxsdə 100 faiz bu kimi problemlər ortaya çıxır, amma risk ehtimalı çox yüksəkdir. Bununla bağlı müxtəlif araşdırmalar aparılıb və elmi əsasları var. Gələcək nəslin sağlamlığının qorunması olduqca vacib bir məsələdir”.
Azər Allahverənov qadağanın hüquqi tərəflərinə də aydınlıq gətirib:
“Əksər hallarda görürük ki, yaxın qohum nikahları daha çox ailə üzvlərinin təkidi ilə bağlanır. Bu nikaha daxil edilən şəxslər öz istəkləri olmadan, ənənəvi qaydalardan irəli gələrək evlənmək məcburiyyətində qalırlar. Nəticə etibarı ilə bu tip nikahlara qarşı çıxan şəxslərin hüquq və azadlıqları məlum qadağa ilə təmin edilmiş olur.
Beynəlxalq normalar da kifayət qədər geniş səpkidə şərh oluna bilər. İnsan hüquqları üzrə Avropa konvensiyası və digər müxtəlif beynəlxalq hüquqi sənədlər var ki, orada bilavasitə insanların şəxsi hüquqlarının məhdudlaşdırılması kimi elementlər qadağan olunur. Əgər bu qadağalar ictimai marağın, təhlükəsizliyin və sağlamlığın qorunması üçün tələb olunan qadağalar deyilsə, insan hüquqlarının pozulması kimi dəyərləndirilir. Eyni zamanda, bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi kimi məsələlər də müəyyən mənada nəzərdən keçirilə bilər. Çünki bu məhdudiyyətlər hamıya tətbiq olunur və hər hansı bir ayrı-seçkiliyə yol vermir”.
Nazim Hacıyev
Telegram kanalımız