Fevral ayında Rusiya Federal Kəşfiyyat Xidmətinə (FTX) yaxın nüfuzlu beyin mərkəzi Ukraynada atəşkəsin mümkünlüyü ilə bağlı Rusiya rəhbərliyi üçün “maksimalist” tövsiyələrdən ibarət sənəd hazırlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Kreml üçün hazırlandığı iddia edilən sənədə istinadla məlumat yayıb. Qəzet təfərrüatları təqdim etmədən qeyd edir ki, bu materialları Avropa kəşfiyyatı əldə edib.
Nəşr yazır ki, sənəd müəllifləri Amerika Prezidenti Donald Trampın administrasiyası ilə digər ölkələr arasında gərginlik yaradaraq, ABŞ-nin Ukrayna ilə bağlı danışıqlarda mövqeyini zəiflətməyə çalışmağı tövsiyə edir.
Sözügedən sənəddə Ağ Ev rəhbərinin prezidentliyinin ilk 100 günündə sülh razılaşmasına nail olmaq üçün ilkin planları “həyata keçirmək mümkün olmayan” bir şey kimi rədd edilir. Həmçinin qeyd olunur ki, Ukrayna böhranı 2026-cı ilə qədər həll edilə bilməz.
Sənəddə digər məsələlərlə yanaşı, bəzi Avropa liderlərinin təklif etdiyi kimi, Ukraynaya sülhməramlıların göndərilməsi ilə bağlı istənilən plan rədd edilir. Müəlliflər Rusiyanın ələ keçirdiyi Ukrayna əraziləri üzərində suverenliyinin tanınmasında israrlıdır. Bundan əlavə, hesabat müəllifləri hazırkı Ukrayna rəhbərliyinin "tamamilə məhv edilməsi" zərurətindən danışırlar.
Kremlin sözçüsü Dmitri Peskov “The Washington Post”a deyib ki, o, belə tövsiyələrdən xəbərsizdir və Kreml daha düşünülmüş variantlarla işləyir.
“Reuters” agentliyi vəziyyətlə tanış olan iki mənbəyə istinadla bildirib ki, Rusiya artıq Birləşmiş Ştatlara Ukrayna ilə müharibəni dayandırmaq və Vaşinqtonla münasibətləri bərpa etmək üçün razılaşmaya dair tələblərinin siyahısını təqdim edib. Moskvanın siyahıya tam olaraq nəyi daxil etdiyi bəlli deyil. Lakin mənbələr bildirir ki, Kremlin şərtləri Rusiya hakimiyyətinin əvvəllər Ukrayna, ABŞ və NATO qarşısında irəli sürdüyü şərtlərə bənzəyir. Bu şərtlərə Kiyevin NATO-ya üzvlükdən imtina etməsi, Ukraynaya xarici qoşunların yerləşdirilməsindən imtinası və Rusiya ordusu tərəfindən işğal olunmuş Ukrayna ərazilərinin Rusiya tərəfindən tanınması daxil idi.
Çərşənbə axşamı, martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında müharibənin dayandırılması və Rusiya ilə gələcək razılaşmalar barədə danışıqlar aparılıb. Görüşün ardınca Ukraynanın havada, dənizdə və cəbhə xətti boyunca 30 günlük atəşkəsə razılaşdığı, sonradan razılaşmaların müddətinin uzadılması mümkün olduğu bildirilib.
Bundan əlavə, Vaşinqton Ukrayna ilə hərbi yardımın çatdırılmasını və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edib. İndi ABŞ Rusiya hakimiyyətindən cavab gözləyir. Dövlət katibi Marko Rubionun dediyi kimi, Birləşmiş Ştatlar Kremlin niyyətlərini ABŞ-Ukrayna arasında əldə olunmuş razılaşmaya reaksiyasına görə qiymətləndirəcək. Prezident Tramp daha sonra Moskvaya Ukrayna ilə razılığa gəlmədiyi təqdirdə “Rusiya üçün dağıdıcı nəticələr” barədə xəbərdarlıq edib.
Kremlin sözçüsü Dmitri Peskov Moskvanın Ciddə görüşündən sonra verilən bəyanatları diqqətlə öyrəndiyini, lakin danışıqların mahiyyəti ilə bağlı hələlik ABŞ-dən lazımi məlumat almadıqların bildirib. Peskov təsdiqləyib ki, Rusiya və Amerika tərəfləri bu həftə təmaslar planlaşdırır.
Rasim Əliyev
“AzPolitika.info”