AZ

Milli maraqlara əsaslanan xarici siyasət

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri

Müasir Azərbaycan Respublikasının memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminliklə deyə bilərik ki, Ulu Öndərin hazırladığı mükəmməl xarici siyasət strategiyası Azərbaycanı bütün regional məsələlərdə söz sahibi olan müstəqil dövlətə çevirdi. Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin uğurlu diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artdı.

Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu münasibətlərin qurulmasında maraqlıdır. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. İkitərəfli münasibətlərin yaxşı olması çoxtərəfli münasibətlərin inkişaf edirilməsinə müsbət təsir göstərir.

Bu gün dövlətimiz etibarlı tərəfdaş olmaqla yanaşı, həm də regionun aparıcı ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın qonşu dövlətlərlə dostluq əlaqələri daim bütün ölkələr üçün nümunə olmuşdur. Azərbaycan özünün beynəlxalq və iktərəfli əməkdaşlıq coğrafiyasını genişləndirməkdədir.

Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir. Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır. Ölkəmizin atan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri də Balkan yarımadası ölkələri ilə yaxın təmasların qurulmasıdır. Bu baxımdan, Şimali Makedoniya Respublikası ilə əməkdaşlıq əlaqələrinin inkişafını xüsusilə qeyd etmək lazımdır.

11 mart 2025-ci il tarixində Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfər etməsi bu əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan və Şimali Makedoniya arasında münasibətlər müxtəlif sahələri əhatə edən dostluq və əməkdaşlıq əlaqələrindən ibarətdir. Şimali Makedoniya 25 iyun 1995-ci il tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımış və iki ölkə arasında diplomatik münasibətlər 28 iyun 1995-ci ildə qurulmuşdur. Bu tarixdən etibarən Azərbaycan və Şimali Makedoniya arasında dostluq və əməkdaşlıq münasibətləri davamlı olaraq inkişaf edir.2023-cü ildən etibarən iki ölkə arasındakı diplomatik əlaqələr daha da möhkəmləndirilərək uğurla inkişaf edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat, iki ölkə arasındakı münasibətlərin strateji inkişafı və gələcək əməkdaşlıq perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanın 12 ölkəyə, o cümlədən 10 Avropa dövlətinə təbii qaz ixrac etdiyini vurğulayaraq, son aylarda iki ölkə arasında energetika sahəsində əməkdaşlığın başladığını, Azərbaycan qazının artıq Şimali Makedoniyanın bazarına çatdırıldığını və bu prosesin müntəzəm xarakter daşıyacağını qeyd edib. Dövlət başçısı Azərbaycan qaz təchizatının gələcəkdə artırılmasının mümkünlüyünü vurğulayaraq, ölkənin yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal işlər aparıldığını bildirib.

Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əlaqələrinin genişlənməsi xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri olmaqla, ölkəmizin  Avropa və Asiya arasında geosiyasi mövqeyinin möhkəmləndirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi və bölgə ilə strateji tərəfdaşlıq əlaqələrinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin qlobal neft və qaz layihələri, həmçinin energetika sahəsində həyata keçirdiyi geniş infrastruktur işləri Şimali Makedoniyanın maraq dairəsinə daxil olmaqla bu ölkənin regionun enerji təhlükəsizliyinə töhfəsini artırma potensialını göstərir. Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz Kəməri (TANAP) və Trans Adriatik Qaz Kəməri (TAP) kimi layihələrdə Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun Şimali Makedoniya ilə sıx əlaqələri mövcuddur ki, bu da tərəfdaşlar arasında enerji və ticarət əlaqələrinin inkişafına mühüm töhfə verir.

Prezident İlham Əliyev siyasi dialoqun inkişaf etdirilməsinin vacibliyini qeyd edərək, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulamışdır. Azərbaycanın Qoşulmama Hərəkatında və digər beynəlxalq platformalarda fəal iştirakı, həmçinin regional və qlobal sabitliyə töhfə vermək məqsədilə göstərdiyi səylər Şimali Makedoniya ilə münasibətlərdə də əksini tapır.

Azərbaycan və Şimali Makedoniya arasında mədəni və humanitar əlaqələrin gücləndirilməsi də mühüm məsələlərdən biri kimi bəyanatda öz əksini tapmışdır. İki ölkə xalqları arasında tarixi və mədəni bağlar daha sıx əməkdaşlıq üçün geniş imkanlar yaradır.

Bu gün Azərbaycan-Şimali Makedoniya münasibətlərinin perspektivlərinin geniş olduğunu və bu əlaqələrin hər iki ölkənin maraqlarına uyğun olaraq daha da inkişaf edəcəyini  əminliklə qeyd etmək olar. Bu səfər və aparılan danışıqlar yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayır.

Seçilən
8
yeniazerbaycan.com

1Mənbələr