AZ

Balet ustası Tamilla Şirəliyeva dəfn edilib - FOTO

Balet
Azərbaycan SSR Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli balet ustası Tamilla Şirəliyeva ilə Təzə Pir məscidində vida mərasimi keçirilib. 1news.az APA-ya istinadən xəbər verir ki, vida mərasimində mədəniyyət nazirinin müavini Xalq artisti Murad Hüseynov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Bakı Xoreoqrafiya Akademiyasının əməkdaşları, müxtəlif sənət adamları və mərhumun yaxınları iştirak ediblər.
Vida mərasiminin ardınca Tamilla Şirəliyeva "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, Tamilla Şirəliyeva uzun zamandır şəkərli diabet xəstəliyindən əziyyət çəkib. Son vaxtlar böyrəklərində problem yaranan balet ustası əməliyyat olunub. O, dünən səhər beyninə qan sızması nəticəsində vəfat edib. Xatırladaq ki, Şirəliyeva Tamilla Xudadat qızı 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov), Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Məhmənəbanu ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Ayişə, Fiyetta ("Yeddi gözəl", "İldırımlı yollarla", Qara Qarayev), Odetta-Odilliya ("Qu gölü", Pyotr Çaykoski), Kitri, Paxita ("Paxita", L.Minkus), Şəhrizad ("Min bir gecə", Fikrət Əmirov) və s. əsas partiyaları ifa edib. Tamilla Şirəliyeva 1977-ci ildən pedaqoji fəaliyyət göstərib. 1970-ci ildə Azərbaycan SSR əməkdar artist, 1978-ci ildə Azərbaycan SSR xalq artisti, 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 2006-cı ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında "Şöhrət" ordeni ilə təltif edilib.
Seçilən
12
6
1news.az

10Mənbələr