AZ

Yayda bu məhsullar bahalaşacaq? - Şaxtanın dondurmadığı qiymətlər...

Son həftələrdə həm Türkiyə, həm də Azərbaycanda qarlı və şaxtalı hava şəraiti müşahidə olundu. Qışın sərt üzünü göstərdiyi bu dövrdə mənfi 8 dərəcəyədək enən temperatur bəzi kənd təsərrüfatı məhsullarının qiymətlərində artım xəbərlərinə rəvac verdi. İstər yerli bazarlarda, istərsə də sosial mediada kənd təsərrüfatı məhsullarının şaxtalı hava səbəbilə bahalaşdığı iddiaları geniş müzakirə olunur.

Amma həqiqətən də, şaxtalı hava kənd təsərrüfatı məhsullarına ziyan vurubmu? Bu kimi məlumatlar nə dərəcədə doğru və əsaslıdır? Şaxtalı havanın kənd təsərrüfatına təsirləri barədə yayılan bu məlumatlar nə qədər reallığı əks etdirir?

“Yeni Sabah” məsələni aydınlaşdırmaq üçün iqtisadçı ekspert Akif Nəsirliyə müraciət edib. Onun fikrincə, bütün bu məlumatlar insanları manipulyasiya etmək üçün yayılıb:

“Hava şəraiti ilə bağlı yayılan bəzi məlumatlar bir qədər manipulyativ xarakter daşıyır. Qış aylarında mənfi 8 dərəcə şaxtanın müşahidə olunması təəccüblü deyil və bu dövrdə belə şaxtaların olması təbii haldır. Sadalanan məhsullar — pomidor, xiyar, bibər, göyərti və digər tərəvəzlər əsasən istixana şəraitində yetişdirilir. Bu, yalnız Azərbaycanda deyil, Türkiyədə də belədir. İstixana şəraitində yetişdirilən məhsulların şaxtalı hava şəraitindən birbaşa təsirlənməsi mümkün deyil.

Buna görə də, şaxtalı hava şəraiti ilə qiymət artımını əlaqələndirmək düzgün yanaşma deyil. Çünki bu məhsulların yetişməsi üçün təbii olaraq 20 dərəcəyədək istilik tələb olunur. Şaxtalı havanın kənd təsərrüfatına təsiri məsələsində qiymət artımını yalnız bayram ərəfəsində müşahidə etmək mümkündür. Bu da əsasən tələb-təklif mexanizmi ilə əlaqədardır, şaxtalı havanın birbaşa təsiri deyil”.

Ekspert şaxtalı havanın kənd təsərrüfatına təsirindən də söz açıb:

“Digər tərəfdən, şaxtalı, qarlı hava şəraiti kənd təsərrüfatına mənfi təsirdən çox müsbət təsir göstərir. Şaxta torpağın bitki örtüyünü dondurur və zərərvericilərin böyük bir hissəsi soyuqdan məhv olur. Zərərvericilərin kiçik bir hissəsi isə yerin dərinliklərinə çəkilir və yazda torpağa toxum düşən zaman bu zərərvericilər onu məhv edə bilmir. Bu proses nəticəsində daha sağlam və keyfiyyətli bitkilər əldə etmək mümkün olur.

Bundan əlavə, ağac budaqlarında yaşayan zərərverici həşəratlar da soyuq havaların təsiri ilə yox olur. Beləliklə, şaxtalı havanın kənd təsərrüfatı üçün müəyyən üstünlükləri vardır. Məhz buna görə də, şaxtalı hava şəraiti səbəbilə kənd təsərrüfatı məhsullarının qiymət artımını əsaslandırmaq doğru deyil”.

Aytac Şahin


Telegram kanalımız
Seçilən
15
yenisabah.az

1Mənbələr