AZ

"Səudiyyə Ərəbistanındakı görüş Rusiyanın planlarını alt-üst edib" -  Zelenski

"Gələcək danışıqlarda ərazi güzəştləri Kiyev üçün "qırmızı xətt"dir, biz öz suverenliyimizi, müstəqilliyimizi, torpaqlarımızı qoruyacağıq..."
 
Rusiya Ukrayna ilə ABŞ-ı qarşı-qarşıya qoymaq üçün çarəsiz cəhdlər etsə də, Səudiyyə Ərəbistanında keçirilən danışıqlar uğurlu olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski brifinq zamanı bəyan edib. Məlumatı "uatv.ua" nəşri yayıb.
 
"Mən hesab edirəm ki, Səudiyyə Ərəbistanındakı görüşün müxtəlif nəticələri var. Bunlar yardımın bərpası, müharibənin başa çatmasına doğru ilk addımlardır. Düşünürəm ki, bu görüş Rusiyanın Ukrayna ilə ABŞ arasında münasibətləri tamamilə gərginləşdirmək planlarını pozur. Əksinə, deeskalasiya gedir və tərəfdaşlar arasında da belə olmalıdır", - Zelenski deyib.
 
"Mən baş verənlətə yalnız bir aspektdən baxıram- bu, bizi müharibənin sonuna yaxınlaşdırır, yoxsa yox? Düşünürəm ki, biz bu gün qətiyyətimizi nümayiş etdirməli idik. Bütün dünyaya həm informasiya müstəvisində, həm də real olaraq göstərməli idik. Və düşünürəm ki, biz bunu etdik", - o, əlavə edib. O, həmçinin bildirib ki, əgər Moskva 30 günlük atəşkəsə razı olmasa, ABŞ Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə bilər.
 
"Sanksiyalar və ya Rusiyaya təzyiq göstərmək üçün digər addımlar Amerikanın qərarından asılı olacaq. Bu, onların Rusiya ilə apardığı dialoqa bağlıdır. Əgər mən güc yolu ilə sülhə nail olmaq addımlarını düzgün anlayıramsa, ruslar Amerikanın təklifinə bizim kimi hazır olduqlarını nümayiş etdirəcəklərsə, müvafiq qərarlar veriləcək. Əks halda, ümid edirik ki, ABŞ daha öncə bəyan etdiyi mövqeyi nümayiş etdirəcək", - Zelenski qeyd edib.
 
"Ukrayna ABŞ-ın 30 günlük atəşkəs təklifini qəbul edir. Bu təşəbbüs yalnız raketlərə, dronlara və bombalara deyil, Qara dənizdə və cəbhə xəttinin bütün hissələrində döyüşlərin dayandırılmasına da aiddir. Əgər Moskva bu şərtləri qəbul edərsə, Kiyev tərəfdaşlarla birlikdə təhlükəsizlik zəmanətlərinin işlənib hazırlanmasına başlaya bilər. Razılaşmalar yerinə yetirilmədiyi halda, Vaşinqton Rusiyaya qarşı sanksiya təzyiqini artırmaq və Ukraynaya hərbi yardımı genişləndirmək hüququnu özündə saxlayır, - Zelenski bildirib.
 
"Əgər 30 günlük sakitlik təmin olunarsa, təhlükəsizlik zəmanətləri ilə bağlı daha ətraflı danışacağıq. Bu 30 gün məhz hər şeyi yazılı şəkildə təsbit etmək üçün nəzərdə tutulub. Bizim öz təkliflərimiz var. Lakin müttəfiqlərimizlə razılaşdırılmış addımları, Ukraynanın bu müharibə bitdikdən sonra hansı təhlükəsizlik təminatlarını alacağını sənədləşdirmək lazımdır. Hazırda hər şey Rusiyanın atəşkəs və sülh istəyib-istəməməsindən asılıdır. Çünki ABŞ öz mövqeyini açıq şəkildə göstərib, Ukrayna da birmənalı şəkildə cavab verib. İndi Rusiyanın buna cavab verməsi lazımdır”, - Zelenski vurğulayıb.
 
Ukrayna prezidenti Ciddədə keçirilən görüşü ABŞ və Ukrayna nümayəndə heyətlərinin ilk konstruktiv görüşü adlandırıb və Vaşinqtona hərbi yardımı davam etdirmək və kəşfiyyat məlumatlarını paylaşmaq qərarına görə təşəkkür edib. O, həmçinin qeyd edib ki, gələcək danışıqlarda ərazi güzəştləri Kiyev üçün "qırmızı xətt"dir.
 
"Mən prezident olaraq, ukraynalılar isə öz ölkələrinin vətəndaşları kimi Konstitusiyamızı pozmayacağıq, əksinə, suverenliyimizi, müstəqilliyimizi, xalqımızı və torpaqlarımızı qoruyacağıq. Belə bir düşmənə qarşı mübarizə aparmağın çətin olduğu aydındır.
 
Lakin biz bu gün müstəqilliyimiz uğrunda döyüşürük və ona görə də Rusiya Federasiyası tərəfindən işğal olunmuş istənilən ərazini tanımayacağıq. Bu faktdır. Xalqımız bunun üçün mübarizə aparıb və heç kim bunu unutmayacaq. Və mən deyəndə ki, heç kim bunu unutmayacaq, bu, bizim üçün ən əsas "qırmızı xətt"dir", - Ukrayna prezidenti vurğulayıb.
Seçilən
4
moderator.az

1Mənbələr