AZ

Həftənin ÇEMPİONU - Həftə-reytinq

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın qadın güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb. Güləşçimiz finalda italiyalı Aurora Russoyla qarşılaşıb. G.Qurbanova ilk hissədə qazandığı 4 xalla qələbəni təmin edib. Xatırladaq ki, sərbəst güləşçimiz Arseniy Djioyev də U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

 

Həftənin TƏYİNATI

Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Samir Namiq oğlu Babayev gətirilib. Qeyd edək ki, S.Babayev 20 ilə yaxın müddətdə Nyu-York Tibb Kollecində, Texas Universitetinin Cənubi Qərb Tibb Mərkəzində, həmçinin Minnesota ştatında yerləşən Mayo Klinikasında rəhbər vəzifələrdə çalışıb.

 

Həftənin MƏHKUMU

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili 9 il müddətə azadlıqdan məhrum edilib. Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə hakim Badri Koçlamazaşvili onu 9 milyon lari dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib. Prokurorluq iddia edib ki, 2009-cu il mayın 1-dən 2013-cü il fevralın 25-dək M. Saakaşvilinin göstərişi və təşkilatçılığı ilə onun şəxsi məqsədləri üçün dövlət büdcəsindən 9 milyon lari mənimsənilib.

 

Həftənin İMTİNASI

Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş və ölkəmizdə saxlanılan Yelena Xaxaleva ilə bağlı qərar verilib. Bu barədə vəkil Şəhla Hümbətova bildirib. Vəkilin sözlərinə görə, onun ekstradisiyası ilə bağlı sorğu təmin edilməyib. Yelena Xaxalevanın Rusiyaya ekstradisiya edilməsindən imtina olunub.

 

Həftənin ÇAĞIRIŞI

NATO-nun baş katibi Mark Rutte Avropa İttifaqı (Aİ) liderlərinə çağırış edib. O, liderləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqələri gücləndirməyə, fikir ayrılıqlarını bir kənara qoymağa və təhlükəsizlik sahəsində əməkdaşlıq etməyə çağırıb. Nəşrin məlumatına görə, bu, ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının Avropanın təhlükəsizliyindəki mövqeyi ilə bağlıdır.

 

Həftənin HƏBSİ

Filippinin keçmiş prezidenti Rodriqo Duterte həbs edilib. 79 yaşlı Duterte Honqkonqdan qayıdarkən Manila hava limanında saxlanılıb. Beynəlxalq Cinayət Məhkəməsi onu insanlıq əleyhinə cinayətlərdə ittiham edərək həbsinə order vermişdi. Hüquq müdafiəçilərinin iddiasına əsasən, Duterte tərəfindən narkotik ticarətinə qarşı elan edilən mübarizə çərçivəsində on minlərlə filippinli edam edilib.

Seçilən
6
hafta.az

1Mənbələr