
“Xəstə Həsən Zeynallını (Kür) bu gün reanimasiya şöbəsindən palataya köçürmüşük”.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu Leyla Mərcan bildirib.
O qeyd edib ki, Həsən Kürün vəziyyəti hazırda stabildir:
“Kompüter tomoqrafiyasından keçirdik. Beynində vəziyyət tədricə yaxşılaşır, qan sovrulur. Neyrocərrahın rəyinə əsasən, əməliyyata girə bilər. Gələn həftə Həsən Zeynallının ayağı əməliyyat olunacaq”.
Qeyd edək ki, fevralın 22-i gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o “Sevinc Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Fevralın 27-i Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan tərəfindən APA-ya məlumat verilib ki, o, komadadır, süni tənəffüs aparatına qoşulub. Son məlumata görə, süni tənəffüs aparatından ayrılıb, səhhəti stabilləşib. Hazırda palatada müalicəsi davam etdirilir.