Bakı, 13 mart, AZƏRTAC
Qırğızıstanla Tacikistan arasında dövlət sərhədi haqqında Saziş imzalanıb. AZƏRTAC “Kabar” agentliyinə istinadla xəbər verir ki, sənəd Qırğızıstan və Tacikistan liderləri - Sadır Japarov və Emoməli Rəhmon tərəfindən sonuncunun Bişkekə dövlət səfəri çərçivəsində imzalanıb.
Danışıqlar zamanı Sadır Japarov qeyd edib ki, Qırğızıstan ilə Tacikistan arasında dövlət sərhədi haqqında Sazişin imzalanması taleyüklü və tarixi hadisəyə çevriləcək. O vurğulayıb: “Tacikistanla dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafı Qırğızıstanın xarici siyasətinin əsas prioritetlərindən biridir”.
Tacikistan Prezidenti Emoməli Rəhmon da qeyd edib ki, imzalanan sənəd dövlətlərarası əlaqələrin daha da hərtərəfli genişləndirilməsi üçün möhkəm zəmin yaratmağa imkan verəcək. O əlavə edib: “Bu gün imzalanan sənədlər paketi Tacikistan-Qırğızıstan münasibətlərində yeni səhifə açacaq”.
Dövlət sərhədi haqqında Sazişin imzalanması mərasimindən sonra prezidentlər videokonfrans vasitəsilə Leylek rayonundakı Qayırağaç və Batken rayonundakı Qızıl-Bel sərhəd-keçid məntəqələrinin açılış mərasimində iştirak ediblər.
Bundan əvvəl, fevralın 21-də Qırğızıstan ilə Tacikistan sərhədin delimitasiyası üzrə yekun protokolu imzalamışdı.