İstanbul, 13 mart, Günel Karatepe, AZƏRTAC
Azərbaycan mədəniyyətinin demək olar ki, dünyanın hər yerində olduğu kimi Türkiyədə də böyük maraq doğurduğu danılmaz faktdır. Tarixin müxtəlif dövrlərində bir çox mədəniyyət və incəsənət xadimlərimiz qardaş ölkədə Azərbaycan mədəniyyətini dərindən təbliğ etməklə yanaşı, bir sıra yeniliklərə də imza atıblar. Hazırda da Türkiyənin bir çox bölgəsində azərbaycanlıların mədəniyyət sahəsinə verdiyi misilsiz töhfələri, həyata keçirdikləri layihələri görmək olar. Belə layihələrdən biri də ölkələrimiz arasındakı tarixi bağları tərənnüm edən “İki ruhun melodiyası: Bir yenidən doğuluş manifesti”dir. Layihə İstanbulda yeni yaradılan, azərbaycanlılardan ibarət “VEP” klassik musiqi qrupu tərəfindən başladılıb.
Layihə bağlı AZƏRTAC-a qrupun solistlərindən biri, müğənni Vüsalə Əsgərova məlumat verib.
Azərbaycan musiqisini valehedici səsi ilə Türkiyədə təbliğ edən Vüsalə Əsgərova uzun illər Azərbaycan Televiziyası (AzTV) və Gülarə Əliyeva adına “Dan Ulduzu” instrumental ansamblının solisti olub.
Türkiyə ilə Azərbaycanı bir bədəndəki iki ruh kimi dəyərləndirən müğənni deyib: “Bu qrupu yaratmaqla biz ortaq tariximizi, mədəniyyətimizi başqa bir tərzdə, musiqinin əsrarəngiz səsi ilə tanıtmaq niyyətindəyik. İllərin gətirdiyi sənət təcrübəsi mədəniyyətimizi daha böyük platformalarda tanıtmağımıza dəstək olacaq. Musiqinin ruhunu şəkilləndirən qrupumuzun rəhbəri, dirijorumuz, pianoçu Pərvin Aslanovun müşayiəti ilə Elgün Quliyevin güclü vokal səsi və mənim həzin ifamda Azərbaycan musiqisinin valehedici əsrarəngizliyinin daha çox özünü büruzə verdiyini düşünürəm. Yeni layihəmiz yalnız konsert proqramları əsasında qurulmayıb. Biz müxtəlif tədbirlərlə Türkiyədəki qardaşlarımıza Azərbaycanın səsini, klassik musiqilərimizin insanlarda yaratdığı ab-havanı çatdırmaq istəyirik. Burada əsas məqsədimiz, dünyanın keçdiyi bu çətin dövrdə yaralanmış ruhlara musiqimizlə məlhəm olmaqdır. Azərbaycan musiqisinin isə hər insanın ruhu oxşayan xüsusiyyətlərindən danışmaqla bitməz”.
Uzun illərdir Türkiyədə fəaliyyət göstərən Vüsalə Əsgərova eyni zamanda İstanbulda yaratdığı “Xarıbülbül Mədəniyyət Dərnəyi”nin dəstəyi ilə səhnəyə çıxan “Günəş musiqi, xor və rəqs” qrupunun rəhbəridir.
“Qrupumuzda müxtəlif yaş qruplarından ifaçılar var. Belə ki, iki yaşlı uşaqlardan başlayaraq 40 yasınadək solistlərə qədər. Onlar Azərbaycanla yanaşı, Türkiyə musiqisini də mənimsəyirlər. Hazırda bütün türkdilli xalqların musiqi irsi ilə bağlı yeni layihə üzərində işləyirik. Bunu bir ortaq musiqi kollektivindən ibarət rəqs və mahnı konserti formasında ictimaiyyətə təqdim etməyi düşünürük. Xor kollektivimizdə də bir çox türkdilli xalqların nümayəndələri var. Xoreoqrafımız isə həmvətənimiz, uzun illər Türkiyədə fəaliyyət göstərən Nazlı Bağırovadır. Rəqslərimizdə üstünlük uşaqlara verilib. Çünki, bu, mədəniyyətimizi gələcək nəsillərə çatdırmaq üçün ən böyük vasitədir”, -deyə həmsöhbətim bildirib.
Hazırda qrupun “Xarıbülbül Mədəniyyət Dərnəyi” ilə birgə Novruz bayramı şənliklərinə hazırlaşdığını qeyd edən Vüsalə xanım deyib: “Ən böyük arzumuz Şuşa keçiriləcək növbəti “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında iştirak etməkdir. Çünki, bu festival təkcə Azərbaycanda keçirilən bir tədbir deyil, bu, bütün Türk dünyasının ruhunun yenidən dirilişinin səsidir və Şuşa təkcə ölkəmizin yox, türkəm deyən hər kəsin mədəniyyətinin əbədi paytaxtıdır”.