Azərbaycan Respublikası Ali Məhkəməsi vahid məhkəmə təcrübəsinin müəyyən edən daha bir qərar qəbul edib.
Publika.az xəbər verir ki, işin hallarına görə, iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh MMC ilə bağladığı 2018-ci il 1 avqust tarixli icarə müqaviləsinin ləğv edilməsini, həmin müqavilədən irəli gələn borc məbləğlərinin tutulması, icarə obyektinin boşaldılaraq ona təhvil verməsini xahiş edib.
Birinci instansiya məhkəməsi müqavilənin ləğvi tələbi üzrə işin icraatına xitam verib, digər tələblərə mahiyyəti üzrə baxaraq onları qismən təmin edib. Məhkəmə icraata xitam vermə barədə mövqeyini belə əsaslandırıb ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu, ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İcarə müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçı tərəf 2022-ci il 5 dekabr tarixində cavabdehə iradə ifadəsini bildirmiş olduğundan qeyd edilən hissədə iş üzrə icraata xitam verilməlidir. Bu səbəbdən cavabdeh MMC, əleyhinə yaranmış hüquqi vəziyyətə (ləğv faktının tanınmasına) görə məhkəmə aktından şikayət verib, lakin apellyasiya instansiyası məhkəməsi qərardadı dəyişdirmədən saxlayıb.
Ali Məhkəmənin Kommersiya kollegiyası isə hesab edib ki, məhkəmələr tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməyib. Belə ki, hər iki instansiya məhkəməsi müqavilənin ləğvi tələbi üzrə icraata xitam verilməsini Mülki Prosessual Məcəllənin (MPM) 261.0.1-ci maddəsi ilə əsaslandırıblar. Həmin maddəyə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, bu müddəa tərəflər arasında ümumiyyətlə mübahisənin olmamasını və ya iddiaçının xahişinə məhkəmədənkənar bir orqanda, yaxud mövcud mübahisəyə mülki mühakimə icraatı qaydasında deyil, başqa (inzibati, cinayət və s.) məhkəmə icraatında baxılmalı olmasını ehtiva edir. Bu səbəbdən qanunda nəzərdə tutulub ki, məhkəmə həmin əsaslar üzrə icraata xitam verərsə, ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
Baxılan işin hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğvi ilə əlaqədar mübahisə mövcuddur. Belə ki, iddiaçı müqavilə öhdəliklərinin pozulmasına istinad edərək, onun ləğvinə dair bildiriş göndərib, cavabdeh MMC isə razılaşmanın ləğvinə əsasların olmadığını ifadə edib. Qeyd edilənlər müqavilənin birtərəfli iradə bəyanı ilə ləğvinin gerçəkləşib-gerçəkləşmədiyinə dair tərəflər arasında ixtilafın, mübahisənin olduğuna dəlalət edir. Bu mübahisəni isə həll etmək başqa orqanın deyil, məhkəmənin vəzifəsidir.
Birinci instansiya məhkəməsi müqavilənin ləğvi üçün yalnız bildirişin göndərilməsini həlledici (kifayətedici) fakt kimi qəbul etməsi, cavabdeh MMC-də belə təəssürat yaradıb ki, müqavilənin ləğvi artıq baş tutmuş hüquqi fakt kimi məhkəmə tərəfindən tanınıb. Elə bu səbəbdən hazırkı işdə iddia tələbinə xitam verilməsinə dair qərardaddan iddiaçı deyil, cavabdeh şikayət verib.
Müqavilənin ləğvi məsələsinə icarə obyektinin boşaldılması tələbinə mahiyyəti üzrə baxılacağı zaman qiymət veriləcəyini qeyd edən apellyasiya instansiyası məhkəməsi nəzərə almayıb ki, birinci instansiya məhkəməsinin qərardadı qüvvəyə mindikdə müqavilənin ləğvinin yenidən müzakirə edilməsinin və ona hüquqi qiymət verilməsinin prosessual baxımdan mümkünlüyü ciddi sual doğuracaq. Digər tərəfdən, qətnamədə müqavilənin ləğv edilmədiyi müəyyən ediləcəyi halda məhkəmə aktları arasında ziddiyyətin meydana gəlməsi istisna edilmir.