AZ

Azərbaycan-Şimali Makedoniya əlaqələri yeni müstəvidə

Sahib Şükürov,

YAP Göyçay rayon təşkilatının sədri

Azərbaycanla Şimali Makedoniya arasındakı diplomatik münasibətlər 1995-ci ildə qurulmuşdur. Bu gün iki ölkə arasındakı münasibətlər, siyasi dialoq yüksələn xəttlə inkişaf edir.

Martın 11-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova ölkəmizə rəsmi səfər etmişdir. Bu xanım prezidentin  qısa müddət ərzində ölkəmizə ikinci səfəridir. Səfər çərçivəsində iki ölkənin Prezidentlərinin təkbətək görüşü olmuş, daha sonra  mətbuata bəyanatlarla çıxış ediblər.

Mətbuata bəyanatında Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidentinin dəvətini qəbul edib bu gün ölkəmizə rəsmi səfərə gəldiyinə görə şad olduğunu bildirib. Dövlətimizin başçısı   ikitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparıldığını, ölkələrimiz arasında siyasi dialoqun dinamik xarakter aldığını və qısa müddət ərzində xanım Prezidentlə ikinci görüşün bunun əyani sübutu olduğunu vurğulayıb. Ölkə başçısı əlavə edib ki, “Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır”.

Çıxışında Prezident İlham Əliyev iki ölkənin energetika sahəsində əməkdaşlığa başlamasının son ayların müsbət əlaməti olduğunu, Azərbaycan qazının artıq Şimali Makedoniyanın bazarına çatdırıldığını, gələcəkdə lazım olan həcmdə qaz təchizatını artıra biləyimizi diqqətə çatdırıb. Ölkə başçısı onu da bildirib ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik.

“Avropa Azərbaycan qazına ehtiyac duyur”,- deyən Prezident İlham Əliyev təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsinin bunun əyani təzahürü olduğunu vurğulayıb. Ölkə başçısı onu da bildirib ki, bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir. Energetika sahəsində ikitərəfli formatda əməkdaşlığın Azərbaycan üçün çox önəmli olduğunu, bu praktiki əməkdaşlığın digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracağına ümidvar olduğunu söyləyib.

Seçilən
12
yeniazerbaycan.com

1Mənbələr