AZ

Tailandda "Fillər gunu" qeyd olunacaq

Martın 13-də Tailandda "Fillər günü” qeyd olunacaq.

"Cebheinfo.az" xəbər verir ki, hər il 13 mart tarixi Tailandda “Fillər günü” kimi qeyd olunur.

Tailandda fil cəsarət, güc və əzəmət rəmzi sayılır. Onun obrazı ölkənin mədəniyyətində və tarixində dərin iz buraxıb. 

Qədim zamanlardan fil, Tailandın keçmiş adı olan Siamın əsas simvollarından biri olub və bu gün də Tailandın  Təhsil Nazirliyinin gerbində öz əksini tapır. 

Maraqlıdır ki, Tailandın xəritəsinə nəzər salanda onun konturlarının fil formasına bənzədiyini görmək mümkündür.

Ölkənin mərkəzi filin başını, cənuba uzanan hissəsi xortumunu, şərq və qərb əraziləri isə qulaqlarını xatırladır. Məhz buna görə də Tailand tez-tez “fillər ölkəsi” adlandırılır.

Fillər əsrlər boyu tailandlıların həyatının ayrılmaz bir hissəsi olub. Onlar ağır yüklərin daşınmasında – məbədlərin və evlərin tikintisində, eləcə də hərbi əməliyyatlarda istifadə edilib.

Bugünkü gündə isə bu nəhəng heyvanlar Tailand mədəniyyətində mühüm yer tutmağa davam edir.

Tailandda ağ fillər xüsusi hörmətlə qarşılanır. Onlar monarxiyanın rəmzi sayılır və ağır işlərdə işlədilmir. Bu müqəddəs heyvanlar kral ailəsinin xüsusi himayəsi altındadır və ağ fil tapan hər kəs böyük mükafat alır.

Yerli inanclara görə, ağ fillər xeyirxah ruhların təcəssümüdür, hətta Samanyolu nəhəng bir fil sürüsü kimi təsvir edilir və onların səmada hərəkət etdiyi düşünülür.

Bu gün Tailandda əsasən Asiya fillərinə rast gəlmək mümkündür. Onların çəkisi 6 tona, hündürlüyü isə 3,5 metrə çata bilər.

Bu nəhəng ot yeyən heyvanlar günün təxminən 20 saatını yemək axtarmağa sərf edir, gündə 150-300 kiloqram bitki yeyir və 300 litrə qədər su içirlər. 

Fillər təkcə yaxşı üzgüçü deyil, həm də saatda 40 km sürətlə hərəkət edə bilirlər. Onların orta ömrü təxminən 65 ildir.

Seçilən
21
cebheinfo.az

1Mənbələr