AZ

Çinin müvəqqəti işlər vəkili: "Azərbaycan Orta Dəhlizdə mühüm nöqtədir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanda bəzi fabriklərin qurulması planlaşdırılır. Bu, Sumqayıt Sənaye Zonasında baş tuta bilər".
Oxu.Az xəbər verir ki, bu sözləri Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Din Taon "Report"a müsahibəsi zamanı deyib. Müsahibəni təqdim edirik:
- Cənab Tao, ilk olaraq Çin-Azərbaycan münasibətlərini ümumi dəyərləndirməyinizi istərdik.
- Ölkələrimiz arasındakı münasibətlər çox yaxşı irəliləyir. Xüsusilə, keçən il liderlərimiz iki ölkə arasında strateji tərəfdaşlıq qurulduğunu bəyan etdikdən sonra münasibətlər daha da inkişaf edib. Bu bir il ərzində hər iki tərəfdən çoxlu nümayəndə heyətləri bir-birilərini ziyarət ediblər, qarşılıqlı səfərlər təşkil olunub.
Xüsusilə Orta Dəhliz məsələsinin əməkdaşlığımızda böyük rolu var. Bu dəhliz hesabına yük maşınları, hava yolu nəqliyyatı vasitəsilə malların Çindən Avropaya uğurla çatdırılması təmin olunur. Azərbaycan isə bu dəhlizdə mühüm bir nöqtədir. Biz hesab edirik ki, bu dəhlizin əhəmiyyəti daha da artacaq və yük axını böyüyəcək.
- Bu sahədə əməkdaşlığı daha da genişləndirmək üçün yaxın dövrdə hansı addımların atılması gözlənilir?
- Artıq bəzi Çin şirkətləri bu məqsədlə Bakıya gəlib və yerli şirkətlərlə, eləcə də hökumətlə bəzi layihələrini müzakirə ediblər. Məsələn, Bakıda limanın yenidən qurulması layihəsi ilə bağlı müzakirələr aparılıb.
Həmçinin Azərbaycanda bəzi fabriklərin qurulması planlaşdırılır. Bu, Sumqayıt Sənaye Zonasında baş tuta bilər. Bununla yanaşı, enerji ilə çalışan nəqliyyat vasitələri istehsal edən Çinin BYD şirkəti burada tam elektrikli avtobus istehsal edəcək bir fabrik tikəcək. Hətta bəzi Çin şirkətləri külək və Günəş enerjisi ilə bağlı Azərbaycanda elektrik stansiyası tikəcəklər. Bildiyimə görə, Qarabağ bölgəsi üçün nəzərdə tutulan iki belə layihə var.
- Biz, həmçinin Qarabağın bərpa-quruculuq işlərində Çin şirkətlərinin iştirakı barədə məlumat almaq istərdik. Bu prosesə Çinin töhfəsi nədən ibarətdir?
- Biz həmişə vurğulayırıq ki, Qarabağ bölgəsinin bərpa işlərində aktiv iştirak edəcəyik. Bəzi Çin şirkətləri, məsələn, "Huawei" artıq "ağıllı şəhər" layihəsinə başlamaq üçün prosesə qoşulub.
- Hazırda Azərbaycanda neçə Çin şirkəti fəaliyyət göstərir və bu şirkətlərin əsas maraq göstərdiyi sahələr hansılardır?
- Azərbaycanda Çinin həm özəl, həm də dövlət şirkətləri fəaliyyət göstərir. Burada təxminən 20-yə yaxın dövlət şirkətimiz var. 10-a yaxın şirkət var ki, onların adında məhz "Çin" və ya "Çinin" ifadəsi istifadə olunur. Bu şirkətlər bir çox sahələrdə fəaliyyət göstərirlər. Mən deyərdim ki, hər bir sahədə əməkdaşlığı genişləndirmək üçün böyük potensial var. Nəqliyyat, yeni enerji mənbələri və yaşıl enerji isə bizim xüsusi diqqət göstərdiyimiz sahələrdir.
Əlbəttə, ənənəvi olaraq ticarət və turizm sahələrində də əməkdaşlığımız yaxşı səviyyədədir. Çox şadam ki, getdikcə daha çox azərbaycanlı Çinə səfər edir. Statistik məlumatlara əsasən, keçən il ərzində 10 mindən çox Azərbaycan vətəndaşı Çinə səfər edib.
- Bildiyiniz kimi, gələn ay Cənub Qaz Dəhlizi ilə bağlı nazirlərin toplantısı keçiriləcək. Çin şirkətləri və ya Çin Energetika Nazirliyinin nümayəndələrinin bu tədbirdə iştirak etməsi gözlənilirmi?
- Dəvət alsalar, düşünürəm ki, iştirak edəcəklər. Çünki həm Çin hökuməti, həm də yeni enerji şirkətləri Azərbaycan bazarına böyük maraq göstərirlər. Bəzi şirkətlər, əvvəldə də qeyd etdiyim kimi, artıq burada ofis açıblar və təkcə enerji sahəsində deyil, tikinti sektorunda da fəaliyyət göstərirlər.
Biz hər zaman Azərbaycanda əməkdaşlığa açığıq və əgər ehtiyac yaranarsa, düşünürəm ki, Çin şirkətləri yaxşı bir görüş keçirib əməkdaşlıq qurmağa və onu genişləndirməyə hazır olacaqlar.
Seçilən
8
oxu.az

1Mənbələr