Dünya Bankı Azərbaycanda adambaşına düşən ümumi milli gəlirin (ÜMG) orta illik artım tempinin 10 il ərzində 1,6 %, 15 il ərzində isə 4,9 % təşkil edəcəyini proqnozlaşdırır.
Bankdan “Report”a verildiyi məlumata görə, 2007-ci ildə ölkədə adambaşına düşən ÜMG 2 730 ABŞ dolları, 2012-ci ildə 4 820 ABŞ dolları, 2022-ci ildə isə 5 630 ABŞ dolları təşkil edib.
Dünya Bankının proqnozlarına görə, Qazaxıstanda bu göstərici 10 il ərzində 1,4 %, 15 il ərzində 4,4 %, Belarusda müvafiq olaraq 0,9 % və 3,5 %, Özbəkistanda 0,1 % və 7,2 %, Tacikistanda isə 0,6 % və 5,1 % təşkil edəcək.
Bankın analitiklərinin fikrincə, adambaşına düşən ÜMG həddi 14 005 ABŞ dolları olan yüksək gəlirli ölkələr kateqoriyasına daxil olmaq üçün Avropa və Mərkəzi Asiya ölkələrinin davamlı iqtisadi artıma yönəlmiş struktur islahatlarına ehtiyacı var.
Məlumata görə, regionun davamlı inkişafı əlçatan və təhlükəsiz enerjiyə keçid olmadan mümkün deyil: “Bu proses 2022-ci ildə Rusiyanın Ukraynaya hücum etməsindən sonra dünya təbii qaz bazarlarında tarixdə ən böyük şokla mürəkkəbləşib. Qaz və elektrik enerjisi qiymətlərinin artması regionun Rusiya enerji resurslarından asılılığını gücləndirib və enerji təchizatının şaxələndirilməsinin, neft və qaz idxalından asılılığın azaldılmasının, enerji səmərəliliyinin artırılmasının, bərpa olunan enerji mənbələrinin inkişafının zəruri olduğunu göstərib”.
Bundan əlavə, emissiyaların azaldılması üçün qabaqcıl texnologiyaların tətbiqi və nəqliyyat, sənaye və istilik kimi sektorların dekarbonizasiyası tələb olunur. Bu, xüsusilə də qalıq yanacaqla bağlı dövlət sektorunda əhəmiyyətli investisiyaların qoyulmasına səbəb olacaq.
Bildirilib ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, enerji keçidinə qlobal investisiyalar 2030-cu ilə qədər ildə 4 trilyon ABŞ dolları (2023-cü il üçün qlobal ÜDM-in təxminən 4 %-i) təşkil etməlidir. Karbon neytrallığına nail olmaq məqsədilə əlavə investisiyaların qoyulması üçün hər il ÜDM-in daha 2 % həddində maliyyə vəsaitinə ehtiyac duyulur.