Hazırda Rusiya-Ukrayna münaqişəsinin son vəziyyəti necə dəyərləndirilir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən siyasi şərhçi Taleh Əliyev bildirib ki, ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Zelenskinin məlum qalmaqallı görüşündən sonra ABŞ-nin Ukraynaya qarşı siyasi və psixoloji basqıları artsa da, eyni zamanda Rusiyanı müharibədən çəkindirmək üçün konkret addımların atıldığını da müşahidə etdik:
“Bu addımlardan biri də Trampın əvvəlki hakimiyyət tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini daha bir il uzatması ilə bağlı imzaladığı sərəncam idi.Bu gün ABŞ ciddi şəkildə Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin imzalanmasına çalışır və bunun üçün ilkin mərhələdə Ukrayna hakimiyyətinə qarşı ciddi təzyiqlər göstərməyə başladı. Lakin məlum qalmaqallı görüşdən sonra, martın 2-də Londonda təşkil olunan Avropa Sammiti və ardınca Avropa dövlətlərinin bir araya gələrək Ukraynaya tam və prinsipial dəstək verdiklərini bəyan etməsi istər-istəməz Ukrayna tərəfinə cəsarət qazandırdı. Bu, Rusiyanın ABŞ-nin mövqeyinə həddindən artıq ümid bəsləməsinin qarşısını aldı və Birləşmiş Ştatlara da soyuq duş effekti verdi. Belə ki, Avropa İttifaqının iştirakı olmadan Rusiya-Ukrayna müharibəsini bitirməyin ABŞ üçün də asan olmayacağı aydın oldu.
Ukrayna tərəfinin son vaxtlar Moskva istiqamətində pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirməsi göstərir ki, sülh danışıqları ilə bağlı təşəbbüslər irəli sürülsə də, tərəflər hələ də hərbi əməliyyatları davam etdirməkdə israrlıdır”.
T.Əliyev onu da qeyd edib ki, əslində, Ukrayna müharibə dövründə hərbi imkanlarını genişləndirən, təcrübəsini artıran və hərbi sənaye kompleksini formalaşdıran bir dövlətə çevrilib:
“Rusiya isə müharibənin gedişində tətbiq edilən sanksiyalar nəticəsində iqtisadi çətinliklərlə üzləşdiyi üçün bu prosesdə itirən tərəf kimi qiymətləndirilə bilər. Lakin uzunmüddətli müharibədə hansı tərəfin üstünlük qazanacağını dəqiq söyləmək çətindir. Bu gün müharibə təkcə Rusiya ilə Ukrayna arasında aparılsaydı, o zaman bu, Rusiyanın xeyrinə ola bilərdi. Çünki Rusiya öz daxili resurslarına güvənərək döyüşür. Lakin Ukraynanın arxasında ABŞ geri çəkilsə də, hələ də Avropa dövlətləri dayanır. Buna görə də Ukraynanın uzunmüddətli müharibədə məğlub olacağını düşünmək bir illüziyadır.
Qısa müddətli atəşkəslər isə Ukraynanın daha çox xeyrinə olacaq, nəinki Rusiyanın. Bu səbəbdən hazırda atəşkəsin baş tutub-tutmayacağı və ya müharibənin davam etməsinin hansı tərəfə daha çox fayda gətirəcəyi barədə konkret fikir söyləmək çətindir. Çünki tərəflərdən biri öz daxili resurslarına güvənərək döyüşdüyü halda, digər tərəf – Ukrayna – Avropa dövlətlərinin dəstəyi ilə itkilərini daha sürətlə kompensasiya etmək imkanına malikdir”.
Leyla Turan
Demokrat.az