AZ

Prezident Fatih Birola “Dostluq” ordenini təqdim etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın xarici işlər naziri Georq Georqievi qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qonaq XII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunaraq, bu tədbirdə vacib məsələlərin müzakirə olunduğunu vurğulayıb.

Georq Georqiev Azərbaycanla Bolqarıstan arasında dostluq münasibətlərinin olduğunu deyərək, əməkdaşlığımızın bu prinsiplər əsasında hərtərəfli inkişaf etdiyini bildirib. Bu xüsusda, o, ölkələrimiz arasında iqtisadi-ticari, enerji, o cümlədən bərpaolunan enerji, nəqliyyat, mədəniyyət, turizm, insanlararası əlaqələr və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu deyib. Bolqarıstanın xarici işlər naziri Bakı ilə Sofiya arasında birbaşa uçuşların həyata keçirilməsinin vacibliyinə toxunub.

Prezident İlham Əliyev Bolqarıstana rəsmi səfərini və səfər çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

Dövlət başçısı əlaqələrimizin inkişafını qeyd edərək, enerji sahəsində əməkdaşlığa toxunub. Prezident İlham Əliyev Azərbaycan qazının bu gün Bolqarıstan bazarına çatdırılmasının əhəmiyyətini və bunun Bolqarıstanın enerji təminatında rolunu vurğulayıb.

Azərbaycanla Bolqarıstanın bərpaolunan enerji sahəsində əməkdaşlığı məsələsi qeyd edilib. Dövlət başçısı, bu xüsusda, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında bərpaolunan enerji layihəsinə Bolqarıstanın da bir tərəfdaş kimi qoşulması münasibətilə təbriklərini çatdırıb. Bu istiqamətdə də ölkələrimiz arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub.

***

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolu qəbul edib.

Dövlət başçısı əvvəlcə Fatih Birola “Dostluq” ordenini təqdim edib.

Fatih Birol bu ordenə COP29-da Azərbaycanın sədrliyinə və qlobal iqlim dəyişmələri üzrə irəli sürdüyü təşəbbüslərin təşviqinə verdiyi dəstəyə və səmərəli əməkdaşlığa görə layiq görülüb.

Prezident İlham Əliyev Fatih Birola ölkəmizlə həyata keçirdiyi əməkdaşlığa və COP29-da göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Fatih Birol da öz növbəsində “Dostluq” ordeni ilə təltif olunmasından böyük qürur hissi duyduğunu deyib.

O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını və etibarlı tərəfdaş olduğunu vurğulayıb.

COP29-da əldə olunmuş nəticələr münasibətilə təbriklərini çatdıran Fatih Birol bu tədbirdə çox çətin və mürəkkəb danışıqlar prosesinin aparıldığını deyib və iqlim gündəliyi ilə əlaqədar yaxşı nəticələrin əldə edildiyini diqqətə çatdırıb.

Fatih Birol XII Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirərək, bu tədbiri beynəlxalq səviyyədə mühüm məsələlərinin müzakirəsi baxımından vacib platforma kimi qiymətləndirib. O, gələcəkdə də Forumla əməkdaşlıq imkanları ilə bağlı fikirlərini bölüşüb.

Söhbət zamanı qlobal enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.

Tedros Adhanom Qebreyesus COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb və bu konfrans çərçivəsində əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini deyib.

Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı vaxtın az olmasına baxmayaraq Azərbaycan tərəfindən bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri işlərin görüldüyünü qeyd edib.

Tedros Adhanom Qebreyesus Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi dəstəyə və könüllü maliyyə töhfələrinə görə təşəkkürünü bildirərək, rəhbərlik etdiyi qurumun Azərbaycanla birlikdə müxtəlif ölkələrdə həyata keçirilmiş layihələrin önəminə toxunub.

Görüşdə Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlıq məsələlərinə, həmçinin BMT strukturlarının gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı XII Qlobal Bakı Forumunun və onun gündəliyində duran məsələlərin əhəmiyyəti vurğulanıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspanı qəbul edib.








Seçilən
8
17
qafqazinfo.az

10Mənbələr