AZ

Luka Modriç: “Hər üç gündən bir də oynaya bilərəm”

Madrid “Real”ının 39 yaşlı xormat veteran mərkəz yarımmüdafiəçisi Luka Modriç maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Arena.az məlumat verir ki, “qoca” Luka ifrat sıx oyun təqvimində mütəmadi oyunmağa hazır olduğunu və eləcə də özünü fiziki baxımdan çox yaxşı hiss etdiyini car çəkib:

“Mən əminəm ki, hər üç gündən bir də oynaya bilərəm. Ancaq buna Karlo Ançelotti qərar verəcək… Amma mən özümü həqiqətən yaxşı hiss edirəm, çünki mənim bir, iki, üç və ya daha çox ardıcıl oyun oynamaq baxımımdan bir fəsadım yoxdur. Mən özümü əla hiss edirəm və komandama kömək etməyə həmişə hazıram. Vəssəlam”, deyə Modriç vurğulayıb.

Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir. Xorvat futbolçu 2012-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Tottenhem”dən Madrid klubuna qoşulub. Modriçin İspaniya nəhəngi müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Veteran futbolçu cari mövsümdə “Real” üçün bütün yarışlarda 43 oyun keçirib, 4 qol vurub, 7 məhsuldar ötürmə verib.

Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası isə göz oxşayır: 578 oyun, 43 qol, 93 məhsuldar ötürmə.

Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı qənimətlərə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 5 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku və 1 FIFA Qitələrarası Kubok daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 28 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.

Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 184 oyuna çıxıb, 27 qol vurub, 29 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 39 yaşlı xorvat veteran yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
13
arena.az

1Mənbələr